Ukraynalı diversantlar Pidstepnı yaxınlığındakı (Xersondan 20 km şərqdə və Dneprdən 3 km məsafədə) ərazilərə çıxıblar. Əks-hücum nəticəsində Xerson vilayətinin Poyma, Kazaki Lageri və Krınık kəndlərini birləşdirən yolun bir hissəsi azad olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Ukrayna ordusu ehtiyat qüvvələrini Dnepr deltasındakı adalarda yerləşdirib, Poyma və Pişçanivka kəndlərinə keçməyə çalışır.
Məlumata görə, Ukrayna qüvvələri müxtəlif məntəqələrdə qayıqlarla hərbi qruplarını Dneprdən keçirməyə davam edir. Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi Ukrayna qüvvələrinin Dnepr çayının şərq sahilində mövqeləri ələ keçirməyə cəhd etdiyini açıqlayıb.
Ukrayna ordusunun Krınıkın bir hissəsinə nəzarəti, eləcə də Antonivski şosesi və dəmir yolu körpüsü yaxınlığındakı mövqeləri əlində saxladığı bildirilir.
Ukrayna qoşunları şərq və cənubda əks-hücum əməliyyatlarını davam etdirərək Baxmutun cənubuna və Zaporoje vilayətinin qərbinə doğru irəliləyiblər. Geolokasiya görüntülərinə əsasən, Ukrayna Silahlı Qüvvələri Andriyevkanın şərqinə (Baxmutdan 10 km cənub-qərbə) və Rabotinin qərbinə doğru irəliləyib.