25 Oktyabr 2023 12:10
8 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin müdafiə naziri general Li Şanfunun tutduğu vəzifədən və Dövlət Şurasının üzvlüyündən uzaqlaşdırılması Qərb mətbuatının əsas mövzularındandır. Bu məlumat uzun müddət gizli saxlanılıb. Halbuki, Çinin müdafiə nazirinin aylarla yoxa çıxması onun vəzifəsindən azad edilməsi, hətta həbs olunması şübhələrini artırmışdı.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Li Şanfu avqustun sonundan bəri ictimaiyyət qarşısına çıxmayıb, sonuncu dəfə həmin ay Rusiya və Belarusda səfərdə olub:

“Ümumçin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsi müdafiə nazirinin işdən uzaqlaşdırıldığı xəbərini təsdiqləyib. Qərb mətbuatında yazılanlara görə, Li Şanfunun vəzifədən uzaqlaşdırılması Müdafiə Nazirliyində korrupsiya faktları ilə bağlıdır. “Washington Post” bu iddianı təsdiqləyən material yayımlayıb, “The Wall Street Journal” isə keçmiş müdafiə nazirinin həbsxanada saxlanıldığını yazır.

Müdafiə nazirinin vəzifəsindən azad edilməsinin başqa versiyası da var. “Daily Mail” nəşrinin iddiasına görə Çinin atom sualtı gəmilərindən biri avqustun 21-də dənizdə qəzaya uğrayıb, nəticədə xeyli çinli hərbçi həlak olub. Pekin bu məlumatı təsdiqləməyib. Buna baxmayaraq, ABŞ və Britaniyanın kəşfiyyat xidmətləri Çinin sualtı gəmisinin qəzaya uğradığına dair məlumatlara malikdir. Yəni Çin hakimiyyəti baş verən qəzaya görə müdafiə nazirini günahlandıra bilərdi.

“South China Morning Post” qəzeti diqqəti ona çəkir ki, Li Şanfun Çində istefaya göndərilən ikinci yüksək rütbəli şəxsdir. Müdafiə nazirindən bir neçə ay əvvəl xarici işlər naziri Si Qanq yoxa çıxmışdı. Daha sonra onun da istefaya göndərildiyi xəbəri yayıldı. “Reuters” agentliyinin məlumatına görə, istefaya göndərilən nazirləri vaxtilə ölkənin lideri Si Cinpin irəli sürmüşdü. Cinpin onlara inanırdı”.

Mərkəzin ekspertləri deyirlər ki, Çində yüksək vəzifələrlərin korrupsiyaya qurşanması adi haldır:

“Halbuki, korrupsiyaya görə Çində ömürlük həbs, hətta ölüm cəzası tətbiq olunur. Buna baxmayaraq, bu cür sərt tədbirlər də dövlət aparatında rüşvətin qarşısını almayıb. Çinin artan gəlirləri dövlət qurumlarında çalışanların bir qismini qanunsuz qazanc əldə etməyə həvəsləndirir. Qərb şirkətləri bəzən lazımi müqavilələr əldə etmək üçün çinli məmurlara rüşvət təklif edirlər. Bir sıra hallarda sövdələşmə baş tutur.

Görünür, Çin müdafiə naziri və ona yaxın olan generallar müdafiə sisteminə ayrılan dövlət vəsaitindən “pay” götürüblər, ancaq sonda bu onlara baha başa gəlib. Li Şanfunun korrupsiya faktına görə həbsi xəbəri təsdiqlənərsə, bu, Çinin imicinə böyük zərbə olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər