Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasında (CHP) keçirilən son seçkilərdə dəyişiklik tərəfdarları qalib gəldi. “Zəif namizəd” olduğu deyilən Özgür Özəl İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun gözünü dikdiyi liderlik kreslosunda əyləşdi.
Teleqraf.com xəbər verir ki, yeni lider bəlli olan kimi bütün nəzərlər dərhal Özəl və İmamoğlu arasındakı çəkişməyə yönəlib.
İmamoğlunun həm açıqlamalarında, həm kameralar önündəki davranışlarında, həm də Partiya Məclisi və İntizam Şurasına seçkilərdə Özəldən rol oğurlaması diqqətdən qaçmayıb. Hətta sosial şəbəkələrdə CHP-nin həmsədrliyə keçməsi kimi şərhlər də yazılır.
Jurnalist Abdülkadir Selvi yeni sədrin seçilməsindən sonra da böhranın bitmədiyi CHP-dəki xaosun pərdəarxası haqda danışıb.
Jurnalist İmamoğlunun Özəli tamamilə “blokada”ya aldığını iddia edir. Onun sözlərinə görə, CHP-nin yeni lideri də İstanbulun bələdiyyə sədrinə güvənmir.
“İmamoğlu ilə Özəl arasında güc mübarizəsi qaçılmazdır. İmamoğlunun bu sözləri qulağıma çatıb: “Özgür Özəl sədrliyə namizəd olsa da, parlament fraksiyası rəhbəri vəzifəsindən əl çəkmir. Sabah CHP sədri olsa, kreslosundan da əl çəkməyəcək”.
İmamoğlu işini şansa buraxmayan biridir. Özəllə ilk bazarlığı qurultay gecəsi üzə çıxdı. Partiya Məclisi üçün 22 nəfərlik siyahı verdiyi deyilir. Hətta siyahı ilə bağlı fikir ayrılıqlarına görə Partiya Məclisində seçkilərin başlaması üç dəfə təxirə salınıb”, - jurnalist deyib.
Selvi İmamoğlunun istədiyi şəxsləri Partiya Məclisində yerləşdirdiyini söyləyib. Onun sözlərinə görə, CHP-nin İntizam Şurası da tamamilə İmamoğlunun istədiyi isimlərdən ibarətdir.
Selvi İmamoğlunun Özəl əleyhinə növbəti addımına da diqqət çəkib:
“İndi bələdiyyə sədrliyinə namizədləri müəyyən etmək vaxtıdır. Özgür Özəl bir görüşdən digərinə qaçarkən, Əkrəm İmamoğlu bələdiyyə sədrliyinə namizədliklərini müəyyən etmək üçün artıq qollarını çırmalayıb”.