ABŞ Prezidenti Co Baydenlə Cin lideri Si Cinpin arasında San-Fransiskoda 4 saat çəkən görüşdə liderlər iki ölkə arasında gərginliyin azaldılmasına çalışıblar. “Çin və ABŞ arasında münaqişə və qarşıdurmanın nəticələri hamı üçün dözülməz olacaq”, – deyən Çin lideri böyük dövlətlər arasında dialoq və anlaşmanın vacib olduğunu bildirib. Buna baxmayaraq, görüşdə bir sıra mövzuyla bağlı fikir ayrılıqları ortadan qaldırılmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri iki ölkənin nümayəndə heyətlərinin liderlərin müzakirə etdikləri mövzuları xüsusi seçdiklərini bildirirlər:
“Cinpin ABŞ-la gərginlikdə maraqlı olmadığını nümayiş etdirməyə çalışıb. Bunu görüşlərin statistikası da sübut edir. Cinpin Baydenlə bugünə qədər 7 dəfə görüşüb. Çin lideri son dəfə ABŞ-a 6 il əvvəl Donald Trampın prezidentliyi dönəmində səfər etmişdi. Ancaq Cinpinin səylərinə baxmayaraq, bu illər ərzində iki ölkə arasındakı münasibətləri normallaşdırmaq mümkün olmayıb. Bunun obyektiv səbəbləri var. Buna baxmayaraq, iki ölkənin liderləri hərbçilər arasında təmasların bərpa olunması barədə razılaşma əldə ediblər. Bu dialoq keçmiş illərdə də olub, münasibətlər gərginləşəndən sonra kəsilib. İki ölkənin müdafiə nazirləri yenidən təmaslara başlayacaq. Bu təmaslar fevralda ABŞ səmasında Çinin kəşfiyyat aerostatının vurulmasından sonra dayandırılmışdı.
Bayden Cinpinə deyib ki, ABŞ Ukraynaya maliyyə və hərbi dəstəyini davam etdirəcək. Əslində bununla Bayden Cinpin vasitəsilə Çin liderinin dostu Kreml sahibi Vladimir Putinə mesaj göndərib ki, Vaşinqton Ukraynaya dəstəkdən imtina etməyəcək. Çin lideri Rusiya-Ukrayna müharibəsinin davamının tərəfdarı olmasa da, savaşı dayandırmaq məqsədilə Putinə təsir etmək fikrindən uzaqdır.
ABŞ-la Çinin Yaxın Şərqlə bağlı mövqeləri də o qədər oxşar deyil. Vaşinqton İsrailin terrorçularla mübarizə hüququnu dəstəkləyərkən, Pekin Qəzzada hərbi əməliyyatın dayandırılmasının tərəfdarıdır.
San-Fransiskodakı görüşdə Tayvan mövzusu da müzakirə edilib. Vaşinqton “Vahid Çin” konsepsiyasını tanısa da, Pekinin Tayvanı nəzarətə götürməsinin əleyhinədir. Cinpin üçün isə bu, prinsipial məsələdir. Cinpin Baydenə deyib ki, ABŞ Tayvanı silahlandırmaqdan əl çəkməlidir. Vaşinqton bu siyasətindən imtina edən deyil. ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Tayvana səfəri də iki ölkə arasındakı münasibətləri xeyli gərginləşdirmişdi”.
Təhlildə vurğulanır ki, ABŞ və Çin liderlərinin görüşündə münasibətləri normallaşdıracaq irəliləyiş əldə olunmayıb:
“Hərbçilərin təmaslarını bərpa etmələri yeni mövzu deyil. Baydenin görüş ərəfəsində və sonra Cinpini yenə “diktator” adlandırması iki ölkə arasındakı münasibətlərin hazırki durumundan xəbər verir.
ABŞ prezidentindən sitat: “Cinpin həqiqətən diktatordur. O, kommunist ölkəyə rəhbərlik edən tək şəxsdir, bunu inkar etmək mümkün deyil”.
Bayden bu fikirləri Cinpinlə görüşdən sonra deyib. “Blumberq” Baydenin sözlərinin görüşdə əldə olunan nəticələrə kölgə saldığını yazır. Baydenin “diktator” ifadəsinə Çin Xarici İşlər Nazirliyi kəskin reaksiya verib. Açıqlamada ABŞ liderinin sözləri “məsuliyyətsizlik” adlandırılıb”.