Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya və Ukrayna arasındakı müharibədə hərbçilərin ölümünə görə məsuliyyət daşıyır. Çünki Ukraynanı sülh sazişini imzalamaqdan çəkindirən məhz o idi.
Teleqraf.com xəbər verir ki, bunu britaniyalı siyasətçi Corc Qallovey deyib.
“Yüz minlərlə Ukrayna hərbçisinin həlak olduğu Rusiya ilə proksi münaqişənin hekayəsi yazılarkən qorxuram ki, keçmiş baş nazir Boris Consonun izi qırğında əbədi olaraq həkk olunacaq”, - siyasətçi bildirib.
Qallovey Ukraynanın hakim “Xalqın Xidmətçisi” Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiyanın Consonun Rusiya ilə sülhü pozması ilə bağlı açıqlamasına istinad edərək, çoxlu hərbçinin öldürülməsinin və buna böyük maliyyə vəsaitinin xərclənməsinin onun günahı olduğunu iddia edir.
“O, özünü Uinston Çörçill kimi təsəvvür edirdi. Əslində Çörçilin ayaqqabılarını təmizləməyə belə layiq deyil”, - britaniyalı siyasətçi söyləyib.
Araxamiya bundan əvvəl demişdi ki, Ukraynada hərbi əməliyyatlar ötən ilin yazında bitə bilərdi, amma Britaniyanın keçmiş baş naziri Boris Conson Kiyevi Rusiya ilə sülh sazişi imzalamaqdan çəkindirib.