28 Noyabr 2023 14:43
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şotlandiya hökuməti XVI-XVIII əsrlərdə cadugərliyə görə edam edilən qadınların reabilitasiyası ilə bağlı qanun qəbul etmək fikrində deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Times”a Şotlandiya hökumətinin nümayəndəsi məlumat verib.

“Nazirlər Kabinetinin bu sahədə qanunvericilik proqramları yoxdur”, - rəsmi şəxs bildirib.

2022-ci ildə Şotlandiya Milli Partiyasının üzvü Natali Don sözügedən məsələ haqda qanun qəbul etmək üçün xüsusi təşəbbüslə çıxış edib. Təklif təkcə feminist təşkilatlar tərəfindən yox, həm də keçmiş baş nazir Nikola Sterdcenin başçılıq etdiyi Şotlandiya hökuməti tərəfindən dəstəklənib. Bu ilin martında baş nazir seçilən Həmzə Yusif isə bununla maraqlanmır.

Şotlandiya hökuməti iqtisadi çətinliklər şəraitində belə bir qanun layihəsinin hazırlanmasının seçicilərə hakimiyyətin prioritetləri ilə bağlı yanlış siqnal verəcəyindən ehtiyat edir.

Protestant islahatı nəticəsində qəbul edilən Cadu Aktı 1563-1736-cı illərdə Şotlandiyada qüvvədə olub. Bu müddət ərzində cadugərlikdə günahlandırılan 4 minə yaxın şotland qadın işgəncə altında etiraf etdikdən sonra edam edilib.

Yusif hökumətində təhsil nazirinin müavini vəzifəsində çalışmış Don tarixi ədalətin bərpa olunmamasının qadın düşmənçiliyini davam etdirdiyini söyləyib. Hüquq müdafiəçiləri ifritə ovu qurbanlarının reabilitasiyasına davam edəcəklərini açıqlayıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər