13 Dekabr 2023 20:27
2 570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a səfəri zamanı amerikalı konqresmenlərdən 61 milyard dollarlıq yardımın ayrılmasını təsdiqləməyi xahiş edib. Amma Ukrayna lideri Vaşinqtondan müttəfiqlərindən gələcək dəstəkləri ilə bağlı dəqiq söz almadan gedib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi yazır.

ABŞ agentliyinin məlumatına görə, Zelenski bundan əvvəlki səfəri ilə müqayisədə Vaşinqtonda konqresmenlərlə qapalı görüşdə daha soyuq qəbulla üzləşib.

Prezident Co Baydenin ən yaxın müttəfiqlərindən biri, senator Kris Cons deyib ki, Ukrayna prezidenti yardım və dəstək üçün geri qayıtmamalıdır.

Agentlik qeyd edir ki, ABŞ prezidentinin tərəfdarları bayram tətilindən sonra yardımın ayrılmasına imkan verəcək kompromis əldə etməyə ümid etdiklərini bildirirlər, amma həm Amerika, həm də Avropada Ukraynaya geniş siyasi dəstək zəifləyir.

Nümayəndələr Palatasının spikeri Mayk Conson Zelenski ilə görüşündən sonra söyləyib: “Bayden administrasiyası lazımi nəzarət olmadan, aydın qələbə strategiyası olmadan və Amerika xalqının bilməsinin layiq olduğuna inandığım heç bir cavab olmadan milyardlarla əlavə dollar istəyir”.

Ukraynanın ən sadiq respublikaçı müttəfiqlərindən biri Mitç Makkonel yardımın ilin sonuna kimi təsdiqlənməsi şansını “faktiki olaraq qeyri-mümkün” adlandırıb.

“Pentaqonun öz ehtiyatlarından silah göndərmək üçün istifadə edə biləcəyi 4.6 milyard dollar əlavə səlahiyyəti olsa da, sonradan yaranacaq boşluğu doldurmaq üçün cəmi 1 milyard dollar var. Konqresmenlər və analitiklər deyirlər ki, bu, dəstəyi uzun müddət davam etdirmək üçün kifayət deyil. Bu günə qədər ABŞ Kiyevə dəstək üçün 111 milyard dollar xərcləyib”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər