Ukraynadan sonra Rusiyanın növbəti hədəfləri Moldova, Litva, Latviya və Estoniya ola bilər.
Teleqraf.com xəbər verir ki, bunu Belçika ordusunun baş komandanı, admiral Mişel Hofman deyib.
“Rusiya artıq açıq şəkildə nümayiş etdirib ki, qonşularına hücum etmək istəyi var. Rusiya Prezidenti Vladimir Putinin dedikləri heç vaxt birmənalı olmur. Mümkündür ki, onların başqa ideyaları da var. Ya Moldovanın cənubu, ya da Baltikyanı ölkələrlə bağlı”, - komandan bildirib.
Hofmanın sözlərinə görə, Avropa təcili hazırlaşmalı, özünü müdafiə edə biləcəyini və lazım gələrsə əks-hücuma keçəcəyini açıq şəkildə elan etməlidir.
“Rusiya ordusu Ukraynaya qarşı davam edən müharibədən zəifləmiş kimi görünsə belə, bu zəiflik müvəqqəti xarakter daşıyır. Rusiya müharibədə qalib gələrsə, nəticədə öz döyüş maşınını və silahlı qüvvələrini yenidən quracaq”, - admiral vurğulayıb.