ABŞ-nin Yunanıstana F-35-lərin satışını ləngitməsi Türkiyə əleyhinə fəaliyyət göstərən yunan lobbisini (Yunan-Amerika Şurasını -HALC) narahat edib.
Teleqraf.com xəbər verir ki, lobbi dövlət katibi Entoni Blinkenə məktub göndərərək F-35 satışının tez bir zamanda həyata keçirilməsini istəyib.
Türkiyənin alacağı F-16-ları İsveçin NATO üzvlüyünə bağlayan ABŞ-nin eyni vaxtda Türkiyəyə F-16 və Yunanıstana F-35 satışını elan etmək istədiyi məlumdur. Bu məsələyə toxunan yunan lobbisi Türkiyəni hədəfə alıb və Afinaya veriləcək F-35-lərin Ankara-Vaşinqton münasibətləri ilə əlaqələndirilməməsini istəyib.
F-35-in gecikməsindən məyus olduğunu bildirən lobbi ABŞ hökumətini F-35-lərin Yunanıstana satışını dərhal yekunlaşdırmağa çağırıb.
Məktubda qərarın Yunanıstan ictimaiyyətində yanlış təəssürat yaratmaq riski yaratdığı bildirilib.
Məktubda Blinkenin F-35-lərin Yunanıstana mümkün satışı ilə bağlı Konqresi məlumatlandırmasından bir ilə yaxın vaxt keçdiyi və 4-cü ABŞ-Yunanıstan strateji dialoqunun təşkilinə baxmayaraq hələ də bir nəticənin olmadığı vurğulanıb:
“Biz məyusuq, çünki ABŞ hökuməti Yunanıstanın bir müttəfiq kimi etibarlılığını və sədaqətini təbii qəbul edir. ABŞ-Yunanıstan münasibətlərinin dərinləşməsi Türkiyə ilə münasibətlərin girovluğunda qalmamalıdır”.