8 Yanvar 10:31
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Səudiyyə Ərəbistanına “Eurofighter” təyyarələrinin satışına icazə verməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu İsraildə səfərdə olan Almaniya xarici işlər naziri Annalena Berbok deyib.

Berbok bildirib ki, Ər-Riyad və Təl-Əviv oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra normallaşma siyasətindən geri durmayıb:

“Səudiyyə Ərəbistanının husilər (Yəmənli yaraqlılar) tərəfindən İsrailə atılan raketləri zərərsizləşdirməsi bunu təsdiqləyir, buna görə minnətdarıq.

Səudiyyə Ərəbistanı bu günlərdə İsrailin təhlükəsizliyinə töhfə verən əsas ölkədir, regional eskalasiya riskinin qarşısını almağa kömək edir”.

“Eurofighter” Almaniya, Böyük Britaniya, İtaliya və İspaniyanın birgə layihəsi çərçivəsində istehsal olunur. Projedə yer alan hər bir ölkənin anlaşmalara veto qoymaq hüququ var.

Britaniya 2018-ci ildən bəri sözügedən təyyarələrin Səudiyyəyə satışına mane olur. Almaniya da 2018-ci ildə jurnalist Camal Qaşıqçının Səudiyyənin İstanbuldakı (Türkiyə) konsulluğunda öldürülməsindən sonra Ər-Riyada silah satışını əngəlləyirdi. Bura Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Londonda 48 “Eurofighter” üçün imzaladığı müqavilənin bloklanması da daxildir.

Sözügedən təyyarələrlə bir müddətdir Türkiyə də maraqlanır. Britaniya, İtaliya və İspaniya təyyarələrin qardaş ölkəyə satışına razı olsalar da, Almaniya açıqlamadığı səbəblərdən buna mane olur. Türkiyə müdafiə naziri Yaşar Gülər ötən günlərdə Almaniyanın satışa əngəl yaratmasının anlamsız olduğunu söyləmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər