Qırmızı dənizdə Rusiya və Çin gəmilərinin təhlükəsiz keçidi təmin ediləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Yəmənin “Ənsarullah” qruplaşmasının (Husilər) rəsmisi Məhəmməd əl-Buxaiti məlumat verib.
“Bütün digər ölkələrə, o cümlədən Rusiya və Çinə gəldikdə, onlar üçün regionda daşınma ilə bağlı təhlükə yoxdur. Bu ölkələrin gəmilərinin Qırmızı dənizdən təhlükəsiz keçmələrini təmin etməyə hazırıq, sərbəst naviqasiya ölkəmiz üçün mühüm rol oynayır”, - Buxaiti bildirib.
“Ənsarullah” rəsmisi əlavə edib ki, İsraillə bağlı gəmilərə istənilən şəkildə hücumlar davam edəcək.
Bəzi gəmiçilik şirkətləri, xüsusən də Qərb ölkələrinə bağlı olanlar İranın dəstəklədiyi qruplaşmanın davam edən hücumları səbəbindən Yəmən ətrafındakı sulardan qaçırlar. Gəmilər bəzi ölkələrlə, xüsusən də İsraillə əlaqəsi olmadığı müddətcə təhlükəsizdir.
Böyük Britaniya və ABŞ qüvvələri son iki həftədə husilərin Yəməndəki mövqelərinə bir neçə dəfə hava zərbələri endirib. ABŞ-nin liderliyində “Ənsarullah”a qarşı 20-yə yaxın ölkədən ibarət koalisiya yaradılıb.