Qərb mediasında Səudiyyə Ərəbistanının İranla ABŞ arasında vasitəçi olduğuna dair materiallar tirajlanır. Ər-Riyadın bir neçə ay əvvəl Tehranla diplomatik münasibətləri bərpa etməsinə baxmayaraq, ABŞ ilə İran arasında vasitəçilik missiyasını uğurla həyata keçirdiyinə dair qənaət var.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri bildirirlər ki, İsrail Qəzzada hərbi əməliyyata başlayarkən, buradan qaynaqlanacaq iki böyük təhlükə haqda proqnozlar verilmişdi:
“Birincisi, İranla İsrail arasında müharibə başlaya bilərdi. Bu halda ABŞ İsraili qorumaq məqsədilə İrana qarşı müharibədə iştirak edəcəkdi. İkincisi, İranın təsiri altında olan “Hizbullah” qruplaşması İsrail-Livan sərhədində gərginliyi artıracaqdı. Vaşinqton Tehranı xəbərdar etməli idi. Ancaq Vaşinqtonun Tehranla birbaşa rabitəsi olmadığına görə vasitəçiyə ehtiyacı vardı. Buna görə də Vaşinqton Səudiyyənin imkanlarından istifadə etməyə qərar verdi. Bu, Yaxın Şərqdəki toqquşmaların daha qlobal müharibəyə çevrilməsinin qarşısını almalı idi.
Ötən ilin noyabrında Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Qəzzayla bağlı fövqəladə toplantıları keçirildi. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan toplantılara dəvət edilmişdi. Bundan əvvəl Vaşinqton Ər-Riyad vasitəsilə Tehrana mesaj yollamışdı. Mesajın mahiyyəti bu idi ki, Vaşinqton İranın Yaxın Şərqdəki gərginliyin artmasında rol almamasını istəyir. Abdullahiyan Ər-Riyada ölkəsinin bu təkliflərə cavabını gətirmişdi. Cavabın mahiyyəti barədə dəqiq məlumat olmasa da, İran bir qədər ehtiyatlı mövqeyə çəkildi.
Buna baxmayaraq, İsrail Yaxın Şərqdə baş verən hadisələrdə İranın əli olduğuna inanır. Təsadüfi deyil ki, İsrail İranın Suriyadakı mövqelərinə zərbə endirməkdə davam edir. Bundan başqa, İsraillə “Hizbullah” arasında ara-sıra toqquşmalar baş verir”.
Məqalədə vurğulanır ki, ABŞ Yaxın Şərqdəki döyüşlərin genişlənməməsi üçün diplomatik səylərini artırsa da, Qırmızı dənizdə gərginlik və Yəməndəki husilərin ticarət gəmilərinə hücumları münaqişə coğrafiyasının genişləndiyini göstərir:
“Səudiyyə gərginliyin artmasından narahatdır. Ayrıca, Vaşinqton Səudiyyə ilə İsrail arasında danışıqların və diplomatik münasibətlərin bərpasını da istəyir. Çünki HƏMAS-ın ötən ilin oktyabrında İsrailə hücumundan əvvəl Təl-Əviv bir neçə ərəb dövləti ilə yanaşı, Ər-Riyadla da diplomatik münasibətlər quracağına ümid edirdi. Ancaq son gərginlik və Qəzzadə baş verənlər buna mane oldu.
Ər-Riyad Təl-Əvivin Fələstinin müstəqilliyini tanıyacağı halda İsraillə diplomatik münasibətlər qura biləcəyini istisna etmir. Səudiyyə xarici işlər naziri Fəysal bin Fərhan əl-Səud bildirib ki, ölkəsi fələstinlilər üçün dövlətin yaradılmasını ehtiva edən əhatəli razılaşma fonunda İsraili tanıya bilər. Əl-Səud bu fikrini ABŞ-nin məşhur CNN kanalına son müsahibəsində bir də səsləndirib. Ancaq İsrail Baş naziri Benyamin Netanyahu Fələstinin müstəqilliyini tanımağa hazır deyil. Bunsuz isə bölgədə gərginliyin azalacağını söyləmək mümkün deyil”.