ABŞ senatorları Suriya-İordaniya sərhədində üç amerikalı hərbçinin öldürülməsindən sonra birbaşa İran ərazisinə zərbə endirməyə çağırıblar.
Teleqraf.com xəbər verir ki, çağırış edənlər paytaxt Tehranı da ABŞ ordusu üçün hədəf göstəriblər.
Senator Con Kornin X sosial şəbəkəsində “Tehranı hədəfə alın” adlı paylaşım edib. İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) zərbələrin vacib olduğunu bildirən siyasətçi qeyd edib ki, bununla Tehranı çəkindirmək mümkündür.
Senator Lindsi Qrem də Prezident Co Baydeni çəkindirmə məqsədilə İran daxilindəki əsas hədəfləri vurmağa çağırıb.
Konqres üzvü Tom Kotton deyib ki, həm İran, həm də Tehranın Yaxın Şərqdəki terrorçu qüvvələrinə qarşı dağıdıcı hərbi qisas istəyir.
Senator Rocer Uiker də İranın hədəfləri və liderlərinə birbaşa hücumlara etməyə çağırıb.
Uikerin həmkarı Çak Qrasslinin mesajı isə belə olub:
“Prezident Bayden nəhayət İrana qarşı qəti addım atacaqmı?”.
ABŞ-nin İordaniyadakı hərbi bazası PUA-larla hədəfə alınıb. Ölkə Prezidenti Co Bayden və müdafiə naziri Lloyd Ostin baş verənlərə görə İranı ittiham edib və hücuma adekvat cavab veriləcəyini bildirib.