Ukraynanın silahlı qüvvələri cəbhənin bir neçə istiqamətində irəliləyib. Ukraynalıların Pobedadan şimal-qərb və Robotindən cənuba doğru irəlilədikləri bildirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Həm Rusiya, həm də Ukrayna qüvvələri Kupyan-Svatov-Kreminna xəttində irəliləyib. Ukrayna qoşunları Yampolivkadan 3 km şərqdə (Kreminnanın qərbi) bəzi taktiki mövqelərini geri alıblar. Eyni zamanda, rus qoşunları Sinkivkanın şimal-qərbinə doğru və ya Liman gölü istiqamətində irəliləyib. Hazırda rusların Terninin 2 km-liyində olduğu deyilir.
Mövqe döyüşlərində irəli atılan ruslar Baxmutdan qərbə doğru da irəliləyib. Rusiya qüvvələri Xromovoy istiqamətində Baxmut-Çasiv Yar yolu ilə bir neçə km irəli gediblər.
Avdiv şəhərini mühasirəyə almaq cəhdlərini davam etdirən Rusiyanın bu istiqamətdə də uğurlu nəticələri var. Ruslar şəhərin mərkəzi də daxil olmaqla bir neçə yöndə irəliləyirlər. Rusiya mənbələri şəhərin dəmir yolu xəttinin ələ keçirildiyini iddia edirlər.
Ukrayna ordusu da öz növbəsində Donetskin cənub-qərbində bir qədər irəliləyib. Söhbət Pobeda qəsəbəsinin şimal-şərqindəki sıçrayışdan gedir. Bundan başqa Ukrayna qoşunları Pyatixatokdan qərbə doğru irəliləyib.