PKK terror təşkilatı kürd bölgəsi və İraq üçün böyük bəladır.
Teleqraf.com xəbər verir ki, bunu İraq Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani deyib.
İraq kürdlərinin başçısı PKK-nın Türkiyə üçün də təhdid olduğunu bildirib:
“PKK kürd bölgəsi və İraq üçün böyük bəladır. Kürd bölgəsinin legitim qurumlarına qətiyyən dəyər vermirlər və Türkiyəni torpaqlarımızdan təhdid edirlər. Bu anlayışı tamamilə rədd edirik, kürd bölgəsinin torpaqlarının Türkiyə və ya İran, ümumiyyətlə, qonşularımız üçün təhlükə mənbəyinə çevrilməsini qəbul etmirik. Bu ölkələrin əleyhdarları kürd bölgəsini özləri üçün təhlükəsiz region kimi görüb, bu ölkələrə problem yaratmaq üçün istifadə edə bilməzlər.
Təəssüf ki, PKK bu məsələdə çox pis rol oynayır. Kürd bölgəsinin dağlıq ərazilərindən istifadə edərək Türkiyəyə problem yaratmağa çalışırlar. Bu, bizim üçün tamamilə qəbuledilməzdir”.
Qeyd edək ki, bu yaxınlarda da oxşar bəyanatla çıxış edən Bərzani Türkiyə xarici işlər naziri Hakan Fidanla da görüşüb.