27 Mart 10:23
7 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya lideri Vladimir Putinin ətrafı onun ötən həftə “Crocus City Hall”da baş vermiş terror aktında Ukraynanın əlinin olması ilə bağlı açıqlamalarıyla razılaşmır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” Kremldəki mənbələrə istinadla yazır.

Agentliyin Kremldəki mənbələrinin sözlərinə görə, Ukraynanın bu işdə iştirakına dair heç bir dəlil yoxdur. Məsələ ilə tanış olan bir mənbə deyib ki, Putin bir sıra rəsmilərin məsələnin Kiyevlə əlaqələndirilməsinin əleyhinə çıxdığı müzakirələrdə iştirak edib, amma o, bundan Rusiyanın Ukraynadakı müharibəyə dəstəyini artırmaq üçün istifadə etməkdə qərarlıdır.

Təhlükəsizlik xidmətlərinin ötən həftə “Crocus”a silahlı hücumun qarşısını ala bilməmələri Kremli dəhşətə gəldiyi bildirilir.

“Hökumətə yaxın iki şəxsin sözlərinə görə, Rusiya təhlükəsizlik orqanları ABŞ-nin xəbərdarlıqlarına adekvat reaksiya verməyib. Bu səbəbdən terror aktı xüsusi xidmət orqanlarının rəhbərliyində dəyişikliklərə səbəb ola bilər”, - məqalədə vurğulanır.

“Blumberq”in həmsöhbətlərinin fikrincə, Rusiyanın siyasi və biznes elitasında demək olar heç kim hücumun arxasında Ukraynanın olduğuna inanmır.


Müəllif: Mənsur Rəğbətoğlu