Dünən Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) qələbə qazandığı seçkidə hakim Ədalət və İnkişaf Partiyası (AKP) 2002-ci ildən bəri ilk dəfə geriləyib.
Teleqraf.com xəbər verir ki, AKP “qala” hesab etdiyi bir çox vilayət və şəhərləri itirərkən, bu nəticə partiya daxilində də müzakirələrə yol açıb.
AKP üzvü, keçmiş millət vəkili Şamil Təyyar da nəticədən razı olmayanlar arasındadır.
Seçkilərin nəticələrini “siyasi fəlakət” adlandıran siyasətçi diqqətçəkən açıqlama verib:
“Bu, dalğanın dibi deyil. Görünən kəndə nə bələdçi?! Dəfələrlə xəbərdarlıq etdik, xoş niyyətli səylərimiz “nifaq” kimi qiymətləndirildi. Cümə axşamı gəlirdi, çərşənbəni qaçırdıq. Sistemimizə daxil olan özbaşınalıq, təkəbbür, qohumbazlıq, həyatın bahalaşması, yoxsullaşma kimi viruslar iqtisadiyyatdakı sürüşmənin bariz əlamətləri idi.
Keçən il prezidentimizə (Rəcəb Tayyib Ərdoğan) qıymayan qəzəbli seçicilərin bələdiyyə seçkilərində namizədlərə qarşı dözümlü olmayacağı bəlliydi. Səssiz və qəzəbli kütlənin bir hissəsi seçkiyə getmədi, bir hissəsi boş səs verdi, qalanı isə ən güclü rəqibi seçdi.
Bu nəticə nə CHP, nə də Yenidən Rifahın daimi uğurudur, AKP üçün çox sərt balans durumudur. Bu, siyasi fəlakətdir. Bu dağıntının altından çıxıb yenidən özünü yeniləyə bilərmi? Yeni hekayə yaza bilərmi? Məncə, mümkündür.
AKP 2009-cu ildə 38.5 faizə enib, 2011-ci ildə 47 faizə yüksəlib. Bu partiya düşdüyü yerdən sürətlə yüksələ biləcək güclü potensiala malikdir. Əlbəttə, bu potensialı hərəkətə keçirəcəyi müddətcə... İnanıram ki, aprelin 1-dən sonra heç nə əvvəlki kimi olmayacaq”.