İran və İsrail mesaj mübadiləsi yolu ilə qeyri-rəsmi dialoq aparır, bu, hər iki tərəfin gərgin münasibətləri müharibəyə çevirmək istəmədiyini təsdiqləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Asharq al-Awsat” İsrail mənbələrinə istinadla yazır.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, İsrail İrana mesaj göndərib ki, İranın Suriyadakı konsulluğunun atəşə tutulmasından sonra gərginliyin artması fonunda yəhudi dövləti Tehranın lokal cavab zərbəsinə hazırdır. Eyni zamanda, nəşr qeyd edib ki, Vaşinqton tərəflərin keçməyəcəyi sərhədləri müəyyən etmək üçün İran və İsrail arasında hansısa qarşılıqlı anlaşma formulunu tapmaq niyyətindədir.
Aprelin 1-də İran konsulluğuna hücumda 2-si general olmaqla 15-ə yaxın insan həyatını itirib. İsrail hadisəyə görə heç bir məsuliyyəti üzərinə götürməyib. İran isə İsraili günahlandırır.
“Bloomberg”in məlumatına görə, ABŞ və müttəfiqləri hesab edirlər ki, Tehranın İsrailin hərbi və hökumət obyektlərinə cavab zərbəsi endirməsi qaçılmazdır.