14 Aprel 15:42
2 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın İsrailə raket zərbələri endirməsi Tehranın "imic"ini xilas etmək üçün idi. Çünki günlər keçir, İsrailə cavab verilmirdi, bu da beynəlxalq aləmdə İranın zəiflliyi görüntüsünü gücləndirirdi.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, İran İsrail ərazisinə yüzlərlə raket tuşlamasına baxmayaraq, zərər böyük deyil, raketlərin əksəriyyəti havada neytrallaşdırılıb:

"Əgər İsrail raket zərbələrinə cavab verməsə, Tehran işini bitmiş hesab edəcək. Ancaq İsrail cəmi bir raketlə İranın konsulluq binasını dağıtmış, İslam Keşikçilərinin (SEPAH) generallarını öldürmüşdü. İranın raket zərbələri nəticəsində isə İsraildə ölən yoxdur. Yəni İranın cavabı adekvat olmadı, gücü bu qədərdir. Bu, bir növ Amerikanın iranlı general Qasım Süleymanini öldürməsinə bənzəyir. İran intiqam vədi vermiş, ABŞ-nin İraqdakı boş hərbi bazasına bir neçə raket tuşlamışdı. Bununla da məsələ bitmişdi.

Hadisələrin iki istiqamətdən biri üzrə inkişafı mümkündür və bu istiqamətləri İsrail Baş naziri Benyamin Netanyahu müəyyənləşdirəcək. Tehran məsələnin bitməsini istəyir, ancaq bunu Təl-Əviv istəyirmi? Bəlli deyil. Birinci variant odur ki, Netanyahu da Tehran kimi məsələni bitmiş hesab edəcək və İranla müharibəyə girişməyəcək. ABŞ Prezidenti Co Baydenin də istəyi budur. Bayden Netanyahuya başa salmağa çalışacaq ki, “sən vurdun, səni də vurdular, İsrailə zərəri olmadı, bu kifayətdir”. İkinci variant isə odur ki, Netanyahu İranı yenə hansısa formada vurmağa çalışacaq. Bu isə genişmiqyaslı müharibənin başlaması və Avrasiya bölgəsinin müharibəyə cəlb edilməsi demək olacaq.

Təl-Əvivin Qəzza problemini həll etmədən İranla müharibəyə başlaması İsrailin maraqlarına cavab vermir. İki cəbhədə savaşmaq çətin olacaq. Məntiqlə Təl-Əviv İran məsələsini sonraya saxlamalıdır. Seçim Netanyahunundur".

Elxan Şahinoğlunun fikrincə, İsrail İrana zərbə endirməyə qərar verərsə, bu ölkədəki nüvə obyektlərini hədəfə alacaq:

"Çünki Təl-Əviv Tehranın “İran nüvə silahı yaratmaq istəmir” açıqlamalarına inanmır və hesab edir ki, İranda uranın zənginləşdirilməsinin məqsədi məhz nüvə silahı əldə etməkdir. Nüvə silahı olan İran isə ilk növbədə İsrail üçün təhdid olacaq. Elə buna görə də İsrail xəfiyyələri illərdir İranın nüvə mərkəzlərində çalışan alimləri öldürürlər.

Tehranın nüvə silahı əldə etməyə çalışması məntiqi sadədir. Beynəlxalq aləmdə nüvə silahı olan ölkələrin çəkisi daha böyük olur və həmin dövlətə ehtiyatla yanaşırlar. Digər tərəfdən, İranın bölgədəki əsas düşməni İsrail etiraf etməsə də, bu dövlətin də nüvə silahı var. İsrail ordusu hazırda Qəzzada əməliyyatları davam etdirsə də, Təl-Əvivin gözü İrandadır. İsrailin İranın Suriyadakı konsulluğunu vurması və iranlı generalları öldürməsinin əsl mahiyyəti də bu idi. Təl-Əviv İranın cavab verəcəyini proqnozlaşdırırdı və buna hazır idi. Təl-Əvivin planının sonrakı hissəsi bu qarşıdurma fonunda İranın nüvə çalışmalarını əngəlləməkdir".

Politoloq son gəlişmədə Ermənistanla bağlı məqama da diqqət çəkib:

"Qərb ölkələri ard-arda İranın İsrailə raket zərbələrini pisləyən açıqlamalar verdilər. Fransa xarici işlər naziri Stefan Sejurn da İranın İsrailə hücumunu qınayıb. Paris İsrailə dəstək açıqlaması fonunda Ermənistan mövzusunda Tehranla əməkdaşlığını yenədəmi davam etdirəcək? Hindistan da diqqətli olmalıdır. Bu ölkə Ermənistana göndərdiyi hərbi texnikanı İran üzərindən daşıyır. Buna rəğmən, Paris kimi Dehlinin də İsraillə sıx tərəfdaşlıq münasibətləri var. Mövzu Ermənistan olsa belə, İsrail-İran gərginliyi fonunda Fransa və Hindistanın İranla hərbi-texniki əməkdaşlığı çətinləşəcək".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər