İsrailin kibertəhlükəsizlik sahəsində “BrandShield” aparıcı şirkəti çəkinin azaldılması və GLP-1 sinif diabetin müalicəsi üçün populyar dərmanların saxta versiyalarını satan 250-dən çox saytı bloklayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə şirkətin baş direktoru Yoav Keren “Reuters” agentliyinə bildirib.
Y.Kerenin sözlərinə görə, metabolik xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərmanların satışı üçün ötən il şirkət tərəfindən bağlanmış 279 aptek saytının 90 faizindən çoxu GLP-1 dərmanları ilə bağlı olub. Sübut edilib ki, bu dərmanlar pasiyentlərə orta hesabla 20 faiz çəkidən azad olmağa kömək edir. Bu da tələbat partlayışını və artan qlobal saxta versiyalar bazarını stimullaşdırır.
“Ozempic” və digər GLP-1 preparatlarının saxta versiyaları ilə əlaqəli olan sağlamlığa zərərvurma halları Belçika, Böyük Britaniya, İsveçrə və ABŞ da daxil olmaqla ən azı doqquz ölkədə qeydə alınıb.
Şirkətin hesabatına görə, ötən il “BrandShield”, həmçinin sosial şəbəkələr platformalarında bütün kateqoriyalarda saxta dərmanlarla bağlı 3968 elan ləğv edib. Onlardan təxminən 60 faizi feysbukda olub.