Meksikada keçirilən prezident seçkilərində hakim “Milli Yenidənqurma” Hərəkatının lideri, 61 yaşlı Klaudiya Şeynbaumun qələbə çalması bu ölkənin 200 illik müstəqilliyi dövründə bir ilkdir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görıə, Klaudiya dövlətin ali postuna seçilən ilk qadındır:
“Ekologiya və energetika üzrə alim olan Şeynbaum bu vəzifəyə addım-addım gəlib. 2000-2006-cı illərdə Mexiko şəhərinin meri olan Klaudiya 2018-2023-cü illərdə paytaxt administrasiyasına rəhbərlik edib.
Qadın liderin işi çətindir. Meksikada dəyişən prezidentlər illər boyu ölkədəki narkotik satışına nəzarət edən və insan oğurluğu ilə məşğul olan cinayətkar şəbəkələrlə mübarizə aparıblar. Müsbət nəticələr olsa da, cinayətkar şəbəkələr üzərində tam qələbə əldə edilməyib. Hər il minlərlə meksikalı bu şəbəklərin qurbanı olur. Elə seçki günü də onlarla meksikalı həyatını itirib.
Klaudiya Şeynbaum vətəndaşların sosial problemlərinin həlli üzərindən cinayətkar şəbəkələr üzərində qələbəyə ümid edir. Həqiqətən insanları narkotik kartelləri ilə sövdələşməyə məcbur edən səbəb bölgələrdəki ağır sosial problemlərdir”.
Elxan Şahinoğlu qeyd edib ki, yeni prezident miqrasiya problemləri ilə də məşğul olmaq məcburiyyətindədir:
“ABŞ-yə qanunsuz yolla keçməyə çalışanların mütləq əksəriyyəti bunu Meksika ərazisindən reallaşdırmağa çalışır. ABŞ qanunsuz miqrantları qəbul etmədiyinə görə, müxtəlif ölkələrin vətəndaşları Meksikada ilişib qalırlar.
Ölkənin iqtisadi potensialı bu ölkənin problemlərini həll etməyə yardımçı ola bilər. Əvvələr böyük şirkətlər ucuz işçi qüvvəsinə görə müəssisələrini Çində açırdılar, hazırda Meksika cazibə mərkəzinə çevrilib. ABŞ-dəki şirkətlər Çin əvəzinə Meksikanı seçirlər. Çinin özü də Meksikaya yatırımlarını artırıb. Meksikada yeni müəssisələr və nəqliyyat şəbəkələri açılır. İqtisadçıların rəyinə görə, Meksika 2050-ci ilə qədər dünyanın yeddi ən inkişaf etmiş ölkəsidən biri olacaq”.