PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin iyunun 11-də “muxtariyyət” elan etdiyi 7 bölgədə qondarma seçkilər keçirməyə hazırlaşmasına Türkiyədən reaksiyalar artır. Prezident Rəcəb Tayyib Ərdoğanın ardınca xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Gülər də terrorçulara sərt təpki verib.
Teleqraf.com xəbər verir ki, türkiyəli jurnalist Məlik Yiğitəl mövzu ilə bağlı maraqlı kulis məlumatlarını açıqlayıb.
“Bu prosesdə dolayı və birbaşa iştirak edənlərə təfərrüatlı şəkildə xəbərdarlıq edilib. Əldə etdiyim digər məlumat regionda təsiredici güclər olan ABŞ və İrana xüsusi olaraq xəbərdarlığın edilməsidir. Xəbərdarlıq bu cür qanunsuz seçki cəhdinin BMT Təhlükəsizlik Şurasının qərarlarına zidd olması, Suriya və regiona xeyir verməyəcəyi, əksinə, gərginliyi artıracağı ilə bağlıdır. Xəbərdarlıq təkcə diplomatik yox, həm də hərbi və kəşfiyyat xarakterli olub”, - jurnalist bildirib.
ABŞ Dövlət Departamentinin baş verənlərlə əlaqədar seçki şərtlərinin formalaşmaması ilə bağlı bəyanatı da Ankarada soyuq qarşılanıb.
Qeyd olunur ki, ABŞ “seçki təşəbbüsü”nü qeyri-legitim elan etməyib. Bunun Ankarada dəstək kimi yozulduğu vurğulanır.
Məlik Yiğitəl hesab edir ki, ABŞ qondarma seçkilərə legitimlik qazandırmağa çalışır:
“Terror təşkilatı ABŞ-nin dəstəyi ilə Suriyada böyük bir ərazini ələ keçirərək, orada qondarma kantonlar elan edib. İndi irəliyə daha bir addım atır və legitimlik qazanmağa çalışır. Terror təşkilatı 2017-ci ildə də buna cəhd etmişdi. Bu mərhələdə Ankara hələlik iki variantı nəzərdən keçirir: seçki ləğv edilə və ya təxirə salına bilər”.
Növbəti cəhd edilsə, Türkiyənin ABŞ və digər tərəfdaşlarından açıq gözləntisi var: qondarma proses legitimləşdirilməsin. Bunu beynəlxalq hüquq da tələb edir.
Yiğitəl vurğulayıb ki, Türkiyə üçün Suriyanın ərazi bütövlüyü və PKK-nın nəzarətində olan bir bölgənin olmaması vacibdir.
Səs Partiyasının sədri, keçmiş millət vəkili Ayhan Bilgən mövzu ilə bağlı söyləyib ki, ABŞ-yə arxalanaraq belə bir cəhdə getməyin sonu çox pis və qanlı olacaq: “ABŞ-nin “biz seçkinin əleyhinəyik” bəyanatı bu haqda düşünənləri ruhdan sala bilər. Seçki keçirmək hər şeyi, o cümlədən Suriyanın ərazi bütövlüyünü yenidən planlaşdırmaq deməkdir. Bunun altından heç kim qalxa bilməz. İndi Qərbin Əsədsiz plan qurması mümkün deyil”.
Türkiyə baş verənləri ölkə sərhədləri yaxınlığında “kürd dövləti”nin yaradılmasına cəhd kimi xarakterizə edir. Prezident Ərdoğan belə bir gəlişməyə imkan verməyəcəklərini bildirib.