22 İyun 19:13
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının Suriya qolu YPG-dən minlərlə terrorçunu silahlandıran ABŞ təşkilata 2 hava hücumundan müdafiə sistemi verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, son 2 ayda PKK-ya çoxsaylı hərbi yüklər göndərən ABŞ bu daşımaları İraqın şimalında fəaliyyət göstərən “Kürdüstan Vətənpərvərlər Birliyi” ilə əməkdaşlıq edərək həyata keçirib. Bu nöqtədə terror təşkilatının logistik bazasına çevrilən Süleymaniyyə hava limanı üçün kritik qərar verilib. Məlumata görə, Türkiyə PKK terrorçularına göndərilən hər hansı yükü aşkar edərsə, silah tətbiqi də daxil olmaqla, müdaxilə edəcək.

Nəşr qeyd edir ki, bu hava limanına İran kamikadze PUA-lar, Almaniya da bəzi texniki hissələr göndərib. Həmçinin terror təşkilatı üçün təlimlərin hava limanında keçirildiyi müəyyən edilib.

Sursatların mülki təyyarə ilə Süleymaniyyə hava limanına endirildiyi bəlli olub, bütün göndərişlər Türkiyə kəşfiyyatı tərəfindən sənədləşdirilib.

“Türkiyə PKK-YPG-yə hərbi yardımın davam etdirilməsinə biganə qalmayacaq, artıq daşınan yüklərin vurulması ilə bağlı göstəriş verilib”, - məlumatda deyilir.

Türkiyə Süleymaniyyə hava limanına gələn heç bir təyyarəni öz hava məkanına buraxmır. 2023-cü il aprelin 3-də qəbul edilən bu qərarın səbəbi Süleymaniyyədə PKK-nın fəaliyyətinin intensivləşməsi, terror təşkilatının hava limanına soxulması və bununla da uçuş təhlükəsizliyini təhdid etməsi ilə izah edilib. Qadağa daha 6 ay uzadılıb.

Nəşr vurğulayır ki, ABŞ PKK-dan ayrı olduğunu iddia edərək YPG terror təşkilatına dəstəyini əsirgəmir. Ötən aylarda YPG lideri Mazlum Kobanini daşıyan avtomobil Süleymaniyyədə vurulmuş, həmin an baş terrorçunun yanında olan 3 ABŞ hərbçisinin 2-si yaralanmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər