Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün bugünə qədər xeyli ölkə vasitəçi olmaq istəyib. Bu sırada Türkiyə, Çin və Macarıstanın adlarını çəkmək olar. Bu dəfə Hindistan vasitəçilik təşəbbüsü ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Hindistan Baş naziri Narendra Modi Rusiyaya səfəri zamanı Prezident Vladimir Putinlə sülhün vacibliyindən danışıb:
“Putin bu kimi təşəbbüsləri minnətdarlıqla qəbul etsə də, Ukrayna torpaqlarından əl çəkməyəcəyini bildirir. Aydındır ki, bu şəkildə sülh mümkün deyil.
Buna baxmayaraq, Modi Putindən başqa məsələdə istədiyini ala bilib. Rusiya Hindistan vətəndaşlarını zorla Ukrayna ilə müharibəyə göndərib. Bu durum uzun müddətdir Dehlini narahat edirdi. Necə olubsa, Rusiyaya işləməyə və təhsil almağa gedən bir qrup hindli zorla müharibəyə sövq edilib. Hindlilər internetdə yaydıqları görüntülərdə aldadılaraq müharibəyə göndərildiklərini deyiblər. Putin Modinin istəyini geri çevirməmək üçün cəbhə bölgəsindəki bütün hindliləri vətənlərinə göndərəcəklərini vəd edib. Ən azı iki hindli müharibədə həlak olub. Cəbhə bölgəsində 40-50 arasında hindlinin ilişib qaldığı barədə məlumat var. Onların bir qismi saxta şirkətlər vasitəsilə Rusiyada işləmək adıyla ölkəyə gətirilib.
Modi və Putin ticarət maneələrini aradan qaldırmaq və 2030-cu ilə qədər qarşılıqlı ticarət həcmini 100 milyard ABŞ dollarından çox təşkil etmək məqsədini açıqlayıb. Liderlər ikitərəfli ticarətin liberallaşdırılması, o cümlədən Azad Ticarət Zonasının yaradılması imkanları üzrə dialoqu davam etdirmək qərarına gəlib”.
Elxan Şahinoğlu qeyd edib ki, Modinin üçüncü dəfə baş nazir seçildikdən sonra ilk xarici səfərini Rusiyaya reallaşdırması Moskva-Pekin ittifaqının güclənməsiylə bağlıdır:
“Dehli bu ittifaqın güclənməsindən narahatdır. Vaşinqton da Modinin Rusiyaya səfərini diqqətlə izləyib. ABŞ-nin siyasi dairələrində hesab edirlər ki, Hindistan liderinin Rusiyaya səfərinə baxmayaraq, Dehli Qərblə müxtəlif sahələrdə əməkdaşlığı zəiflətməyəcək. “Nyu-York Tayms”ın məqaləsində Hindistanın balans siyasəti anlayışla qarşılanıb, bir şərtlə ki, Dehli balansı Kremlin xeyrinə pozmasın”.