Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sabiq prezidenti və Respublikaçılar Partiyasının builki prezident seçkilərində real namizədi Donald Trampla telefonla danışıb.
Teleqraf.com xəbər verir ki, telefon danışığı zamanı Trampa qarşı sui-qəsd və ondan sonra baş verənlər müzakirə edilib.
Prezident Ərdoğan Trampa qarşı sui-qəsd cəhdini bir daha pisləyib, hücuma görə kədərləndiyini və onun tezliklə sağalmasını diləyib. Ərdoğan bunu demokratiyaya hücum kimi qiymətləndirib və Trampın bu mənfur hücumdan sonra göstərdiyi cəsarətli mövqeyin təqdirəlayiq olduğunu deyib.
Rəcəb Tayyib Ərdoğan ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərinin ABŞ xalqı və Türkiyə-ABŞ münasibətləri üçün faydalı olacağına ümidvar olduğunu da əlavə edib.