6 Avqust 13:37
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hərbi qüvvələri Rusiya ordusunun ələ keçirməyə çalışdığı ölkənin şərqindəki Toretsk şəhəri uğrunda qızğın döyüşlər aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” yazır.

Rusiyanın cəbhədəki uğurlarına baxmayaraq, hərbi analitiklər və ABŞ rəsmiləri böyük irəliləyişin çətin olduğunu deyirlər. Amma Rusiya qüvvələri Toretsk ərazisindəki köhnə müdafiə qalalarını ələ keçirə bilsələr, başqa istiqamətdən Ukrayna qoşunlarının şərqdəki logistik qalası olan Kostantinivkaya doğru irəliləyə biləcək.

Bundan əlavə, rusların daha bir neçə kilometr irəliləməsi Donetsk vilayətindəki şəhərləri daha dəhşətli bombardmanlara məruz qoyacaq. Yüz minlərlə dinc sakin qaçmağa məcbur olacaq ki, bu da Ukrayna ordusunun şərqdə müdafiəsinin maddi-texniki təminatını çətinləşdirəcək. Bu, Toretsk, eləcə də Çasiv Yar şəhərinin müdafiəsini həyati əhəmiyyətli edir.

Hərbçilərin sözlərinə görə, Toretsk aqlomerasiyası müharibənin ilk həftələrində çox əziyyət çəksə də, müdafiəsi heç vaxt zəifləməyib.

ABŞ nəşri rusların bu istiqamətdə irəliləmələrini Ukrayna ordusunun Baş Qərargahının səhv qərarı ilə əlaqələndirir.

Ukraynalı keçmiş zabit Georgi Tukanın fikrincə, Rusiyanın böyük güclə irəli atılmasına cavab olaraq, Ukrayna Toretskə çox az qüvvə göndərib, bu və digər səbəblərdən ciddi itkilər olub.

Baş Qərargah NYT-nin sorğusuna cavab olaraq, əməliyyatın təfərrüatlarını müzakirə etməkdən imtina edib.

Döyüşçülərdən biri hesab edir ki, Toretsk yaxşı müdafiə olunsa, Donetsk vilayətinin Ukrayna ordusunun nəzarətində olan son yaşayış məntəqələri az-çox normal həyat sürə bilər.

“DeepState” yazır ki, Toretsk uğrunda həlledici döyüş yaxın vaxtlarda başlayacaq. Nəşr artıq döyüşlərin Zalijnı və Severnı istiqamətlərindən şəhərə yaxınlaşdığını qeyd edir. Analitiklər Rusiya ordusunun Toretskin cəmi 100 metrliyində olduğunu deyirlər.

Son üç gündə iki dəfə Rusiya kəşfiyyatçılarının Toretsk ətrafında göründükləri söylənilir. Bununla belə, Toretsk şəhər hərbi administrasiyasının rəhbəri Vasili Çinçik bildirib ki, ruslar hələlik şəhərin sərhədlərinə daxil olmayıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər