Gürcüstan Baş naziri İrakli Kobaxidze hökumətin 2008-ci il müharibəsinin detallarını aydınlaşdırmaq üçün Baş Prokurorluq və Konstitusiya Məhkəməsinə müraciət edəcəyi və ya parlament komissiyası yaradacağını istisna etməyib.
Teleqraf.com xəbər verir ki, baş nazir Rusiya ilə müharibəyə görə sabiq prezident Mixail Saakaşvilini ittiham edib.
“Hüquqi forma fərqli ola bilər. Ola bilsin, prokurorluğa, parlamentin istintaq komissiyasının yaradılmasına, Konstitusiya Məhkəməsinə müraciət olsun. Bütün bunları cəmiyyət öyrənəcək, amma əsas odur ki, Saakaşvili rejimi və Milli Hərəkatın 2008-ci ildə törətdiyi cinayətlər sona qədər araşdırılsın”, - Kobaxidze müharibənin 16-cı ildönümü münasibətilə jurnalistlərə bildirib.
Parlamentin spikeri Şalva Papuaşvili öz növbəsində əlavə edib ki, o zaman “Gürcü Arzusu”na oxşar partiya hakimiyyətdə olsaydı, müharibədən qaçmaq olardı.
“Əgər 2008-ci ilin avqustunda “Milli Hərəkat” əvəzinə “Gürcü Arzusu”na bənzər vətənpərvər hökumət olsaydı, müharibə, 400-dən çox hərbçi və mülki insan həlak olmaz, 125 kənd işğal edilməz, 1.7 mindən insan çox yaralanmaz, “bölgələrin müstəqilliyi” tanınmazdı”, - spiker vurğulayıb.
“Gürcü Arzusu”nun Siyasi Şurası bundan əvvəl bəyanat yaymışdı ki, 2008-ci ilin avqust müharibəsi keçmiş hakim partiya Milli Hərəkatın (lideri Saakaşvilidir – red.) avantürası olub və indiki hakimiyyət bu il oktyabrın 26-na təyin edilmiş parlament seçkilərindən sonra bu hadisələri araşdırmaq niyyətindədir.
2008-ci ilin avqustunda Gürcüstan qoşunları Sxinvalini (Cənubi Osetiya) azad etməyə cəhd etdikdən sonra gürcülərlə osetinlər arasında qarşıdurma baş verib. Moskva bundan sonra, avqustun 8-də Rusiya vətəndaşları və regiondakı sülhməramlılarını qorumaq adı altında bölgəyə qoşun yeridib. Avqustun 26-da isə Rusiya Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərin “müstəqilliyini” tanıyıb.