9 Avqust 20:36
1 532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hind mediasının məlumatına görə, bu ilin sonuna kimi ilk Hindistan zenit-raket kompleksləri Ermənistana çatdırılacaq. İrəvan ümumi dəyəri 720 milyon dollar olan bu zenit müdafiə sistemlərindən 15 ədəd sifariş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Ermənistanın təhvil alacağı “Akaş-1S” hava hücumundan müdafiə sistemləridir. 1983-cü ildə hazırlanıb, 30 ildən sonra xidmətə başlayıb. Ermənistan “Akaş” sistemləri ilə yanaşı, son iki ildə Hindistandan “Pinaka” kompleksləri, snayper və qumbaraatanlar da alıb.

“Past” qeyd edir ki, Ermənistan-Hindistan hərbi-texniki əməkdaşlığı son iki ildə Nikol Paşinyan hökumətinin Rusiya və KTMT-dən ayrılmaq, silah tədarükünü diversifikasiya etmək kursunu qəbul etməsi ilə inkişaf etməyə başlayıb:

“Hindistan silahları yaxşıdır, amma vacib bir sual var: bu silahları Ermənistan Silahlı Qüvvələrinə nə dərəcədə inteqrasiya oluna, ordunun döyüş qabiliyyətini artıra və ölkə iqtisadiyyatı üçün həddindən artıq maliyyə yükü olmaya bilər?

Həmin silahın Ermənistana hansı yolla çatdırılacağı da vacibdir. Bu mənada yeganə tranzit istiqaməti İrandır, Hindistan yükləri dəniz yolu ilə Çabahar limanına çatır və oradan da uzun quru yolu ilə Ermənistana daşınır.

Mütəxəssislərin fikrincə, Hindistan silahları Qərb silahlarından ucuz olsa da, Ermənistanın on illərdir aldığı Rusiya silahlarından bahadır. Bundan əlavə, hakimiyyətin söz açmadığı komplekslər üçün nəzərdə tutulan raketlərin qiyməti baha olacaq.

Paşinyan hökuməti Hindistan, Fransa və digər Qərb silahlarının idxalını “böyük diplomatik uğur” kimi təqdim edir, amma indiyədək heç bir iqtisadi hesablama təqdim edilməyib. Yalnız həmin hesablamalardan sonra bu silahların alınmasının əsaslı olub-olmamasından danışmaq mümkün olacaq. O vaxta qədər şübhələr qalacaq və dərinləşəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər