İsrail xarici işlər naziri İsrael Katz Yerusəlimdə (Qüds) britaniyalı və fransalı həmkarları Devid Lammi və Stefan Sejurnla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşün əsas mövzularından biri İranın İsrailə mümkün hücumu olub.
Katz Fransa və Böyük Britaniya xarici işlər nazirlərinə bildirib ki, İsrail Paris və Londondan Tehrana İsrailə hücumun təhlükələrini açıq şəkildə izah etmələrini gözləyir.
“İran hücum edərsə, ABŞ-nin rəhbərlik etdiyi koalisiya təkcə müdafiədə yox, həm də İrandakı mühüm hədəflərə cavab hücumunda İsrailə qoşulacaq”, - İsrailin baş diplomatı vurğulayıb.
Katzın sözlərinə görə, İran birbaşa müdaxilə və proksiləri vasitəsilə İsrailə qarşı apardığı müharibəyə son qoymasa, strateji-iqtisadi sahələrdə böyük bədəl ödəməli olacaq və bu, tammiqyaslı savaşın qarşısını almaq üçün yeganə şansdır.
İsrailli nazir xəbərdarlıq edib ki, ölkəsi istənilən hücuma sərt cavab verməkdən çəkinməyəcək.
İran rejimi HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İsraili “qisas və ağır cavab”la hədələyib.