25 Avqust 13:08
30 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq aləmdə Hindistan Baş naziri Narendra Modinin Ukraynaya səfəri müzakirə olunur. Əslində, Modinin ötən ay Rusiyaya səfərindən sonra onun Ukraynaya mümkün səfəri aktuallaşmışdı. Çünki Dehli Rusiya-Ukrayna müharibəsində tərəflərdən birinə üstünlük verdiyini göstərmək istəmir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Hindistan liderinin Ukrayna səfəri Polşadan başlayıb:

"Bu səfərlə Dehli Ukrayna ilə yanaşı, Polşanın da təhlükəsizliyinə önəm verdiyini göstərib. Çünki Rusiya-Ukrayna müharibəsindən əziyyət çəkən ölkələrdən biri də Polşadır. Modi və Polşa Baş naziri Donald Tusk sülhə əsaslanan beynəlxalq nizamın qorunmasına qarşılıqlı sadiqliklərini təsdiqləyib. Hər iki lider beynəlxalq normalara əsaslanan, sabit və təhlükəsiz qlobal mühitin təşviqində birgə işləmək üçün çoxtərəfli forumlar çərçivəsində əməkdaşlığı gücləndirmək barədə də razılığa gəlib.

Modinin Varşava səfərinin bir başqa səbəbi onun Ukraynaya Polşadan qatarla təhlükəsiz keçidlə bağlı idi. Digər ölkələrin liderləri də Kiyevə Polşa-Ukrayna qatarı ilə gedirlər.

Bu, 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra Hindistan baş nazirinin Ukraynaya ilk səfəriydi. Modi Ukrayna Prezidenti Vladimir Zelenski ilə Kiyevdəki müzakirələr zamanı dialoq və diplomatiya yolu ilə hərtərəfli, ədalətli və davamlı sülhə nail olmağın vacibliyini vurğulayıb.

Hindistan Rusiya-Ukrayna müharibəsində neytral mövqe nümayiş etdirsə də, Modi müharibənin davam etdirilməsinin ölkəsini ciddi narahat etdiyini vurğulamağı unutmayıb. Buna baxmayaraq, Hindistan iyunda Cenevrədə keçirilən Ukrayna Sülh Sammitində yekun bəyanatı imzalamayıb. Dehli bunu Rusiyanın tədbirə dəvət almamasıyla izah edib. Kiyev Dehlinin bəyanata imza atacağına ümid edir. Maraqlıdır ki, Zelenski Ukrayna ilə bağlı ikinci Sülh Sammitinin Hindistanın paytaxtında keçirilməsini təklif edib. Ancaq Zelenski bunun üçün Hindistanın birinci Sülh Sammitinin bəyanatına imza atmasını vacib sayıb. Dehlinin necə qərar verəcəyi indidən söyləmək çətindir. Çünki bəyanata imza atmaqdan əlavə, Dehli sammitdə Rusiyanın iştirakına tərəfdardır.

Modi Kiyevdə əvvəlki açıqlamasını təkrarlayıb: “Ukraynadakı münaqişənin yeganə həlli dialoqdur”.

Zelenski dialoqun əleyhinə olmadığını, ancaq Moskva ilə dialoqun işğala son qoymasının vacibliyini vurğulayıb. Moskva isə işğalı rəsmiləşdirən dialoqu dəstəkləyir. Zelenski Hindistanın mövcud vəziyyətə təsir edə biləcəyini belə izah edib: “Siz böyük ölkəsiniz və Putini dayandıra bilərsiniz”.

Modi buna cavab olaraq “Hindistan heç vaxt neytral olmayıb, biz həmişə sülhün tərəfində olmuşuq” cümləsini işlədib. O, bu sözlərini Rusiya Prezidenti Vladimir Putinə də dediyini bildirib: “Hindistan sülh və tərəqqi yolunda fəal rol oynamağa hazırdır. Biz dövlətlərin ərazi bütövlüyü və suverenliklərinə hörmət edirik. Mən Rusiya prezidentinə də açıq şəkildə demişəm ki, heç bir problemin həlli döyüş meydanında tapılmır, həll ancaq danışıqlar, dialoq və diplomatiya yolu ilə mümkündür”.

"Atlas"ın ekspertlərinin fikrincə, Hindistan baş nazirinin Ukraynaya səfəri müharibəyə son qoymasa da, Kiyev bununla ona dəstək verən böyük dövlətlərin sayının artmasına çalışır:

"Modinin Kiyevə səfərini şərh edən Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak iki ölkə arasında əməkdaşlığın genişlənəcəyinə ümid etdiyini bildirib. Müharibəyə baxmayaraq, Hindistan Ukrayna ilə müxtəlif ortaq layihələri reallaşdırmağı qərar verib".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər