Sonuncu dəfə iyulun 24-də Rusiya prezidenti Vladimir Putinlə paytaxt Moskvada görüşən Suriya lideri Bəşər Əsəd o vaxtdan bəri heç bir yerdə görünməyib.
Teleqraf.com Haber7-yə istinadla xəbər verir ki, altı gün əvvəl Dəməşqdə keçirilən parlamentin andiçmə mərasiminə də qatılmayan Bəşər Əsədin Rusiyada olduğu öyrənilib.
Tehranla gərginlik yaşayan və hakimiyyətinə İranın sui-qəsd və ya çevrilişlə son qoyacağından ehtiyatlanan Əsədin Sankt-Peterburqda şəxsi malikanədə yaşadığı bildirilir.
"Türkiyə" qəzetinin yaydığı məlumata görə, Tehran Qasım Süleymani və Suriyada öldürülən yüksək rütbəli iranlı diplomat və hərbçilərə qarşı İsrailin hücumlarına görə Əsədin çevrəsindən bəzi şəxsləri günahlandırır.
Dəməşq Suriya daxilində "Hizbullah" və İranın digər qruplaşmalarına da məhdudiyyətlər qoyub.
Bundan başqa, Rusiya və İranın Suriyada gizli nüfuz savaşı Əsədi çətin vəziyyətə salıb. Son zamanlarda toqquşmaya çevrilən Livan - "Hizbullah" - İsrail gərginliyinin Suriyaya yansıması Tehranla Dəməşq arasında gərginliyi artırıb.
Əsədə yaxın simalardan olan professor Quteybə Qasım əl-Ərəb Suriyadakı milli qüvvələr adından İran və proksilərini ölkəsini tərk etməyə və xalqa təzminat ödəməyə çağırıb. Onun fikrincə, Dəməşq-Ankara yaxınlaşması İran tərəfindən sabotaj edilir.
Əsədi Peterburqda qalmağa vadar edən səbəblərdən biri də onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün qarşısını almaq istəyən İran və digər ölkələrin qəzəbindən özünü qorumaqdır.
"Türkiyə" bildirir ki, İran Əsəddən İsrailin Livana hücumlarının artması səbəbindən "Hizbullah" rəhbərləri və komandirlərinin ailələrini Suriyada yerləşdirməyi istəyib. Bəzi ailələr artıq paytaxt Dəməşqə köçüblər.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Əsəddən "Hizbullah" liderlərinin ailələri üçün xüsusilə Dəməşq, Hələb, Hums və Həmada təhlükəsiz ərazilər ayırmasını istəyib. Suriya rejimi bu vəziyyətin İsrailə növbəti hücumlar üçün zəmin yaradacağı səbəbi ilə SEPAH-ın istəyinə müsbət yanaşmayıb. Buna baxmayaraq, "Hizbullah"a bağlı 100-dən çox ailə Suriyada məskunlaşıb.
Quteybə Qasım İranın Suriyadakı varlığının işğal olduğunu söyləyib: “Bütün resurslarımızı oğurlayırlar. Bu istismar və təxribat dövrü mümkün qədər tez başa çatmalıdır. Bunun üzərinə bizdən 50 milyard dollar təzminat istəyirlər. Xalqımızı sistemli şəkildə şiələşdirirsiniz. "Fatimi dövləti" xülyası ilə hərəkət edirsiniz. Bizim ictimai-siyasi quruluşumuzu alt-üst etdiniz".
Putinlə Moskvada görüşdüyü gündən bəri heç bir rəsmi və ya qeyri-rəsmi görüşə qatılmayan Əsədin taleyi ilə bağlı ən maraqlı şərh suriyalı diplomat Səqr Mülhəmdən gəlib.
2012-ci ildə Suriyanın Moskvadakı səfirliyində işlədiyini bildirən Mülhəm deyib:
“Bir gün o zamankı Suriya səfirinin göstərişi ilə Putinin mühüm müşavirlərindən biri olan Boqdanovla görüşdüm. Boqdanovun məndən Əsədə çatdırmağı xahiş etdiyi Putinin mesajında tarixi əhəmiyyət kəsb edən xəbərdarlıqlar vardı. Mesajda Putin Əsəddənaçıq şəkildə iranlıların məsləhətlərinə qulaq asmamasını istəyirdi, ona çatdırırdı ki, İraqı işğal etdikləri kimi ölkənizə də hücum edib məhv edəcəklər.
Halbuki SEPAH Putindən əvvəl Əsədi artıq mühasirəyə almışdı. Sonda İranın dediyi oldu və bu mənzərə ortaya çıxdı. İndiki şəraitdə Əsədin yaxın günlərdə istənilən media orqanına müsahibəsi aldadıcı olacaq. Əvvəldən hazırlanmış "müsahibə"ni yeni kimi təqdim edəcəklər".
Rusiyada Əsədi həkim Əmmar Süleymanın müşayiət etdiyi bildirilir. Putinə yaxınlığı ilə tanınan Süleyman Əsəd və xərçəng xəstəsi olan həyat yoldaşı Əsma Əsədi də Rusiyada müalicə edir.
Suriya rejimi mənbələri isə Bəşər Əsədin Dəməşqdə olduğunu deyirlər: "O, xəstəliyi ilə əlaqədar Respublika Sarayından çıxmayıb".