6 Sentyabr 20:38
2 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrda Gürcüstanda parlament seçkiləri keçiriləcək. Bu seçkilərə Gürcüstanın Qərb və Rusiya arasında seçimi kimi baxılır. Gürcüstanda “Xarici agentlər haqqında” qanunun qəbulundan sonra Qərblə Tiflis arasında siyasi böhran dərinləşib.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, hakim “Gürcü Arzusu” Partiyasının fəxri sədri və hökumətin “boz kardinal”ı Bidzina İvanaşvili Qərblə əlaqələrə yenidən nəzərdən keçirir, o, Moskva ilə təmasların bərpasında daha maraqlı görünür:

“Qərb artıq bu ehtimal üzərindən Gürcüstan hakimiyyətinə sanksiyalar tətbiq edib. İvanişvili və komandası bu sanksiyalara görə narahat deyil. Demək olar ki, hakimiyyət Qərbin etirazlarına baxmayaraq, ölkədə QHT sektorunu neytrallaşdırır, müxalifəti sıradan çıxarır. Hətta seçkilərdən sonra Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının ləğv ediləcəyi də bildirilib. Baş nazir İrakli Kobaxidze Saakaşvilini Hitlerlə müqayisə edib.

Görünən budur ki, hökumət Qərblə əməkdaşlıq edən bütün partiya və QHT-ləri ya özünə tabe edəcək, ya da bağlayacaq. Qərbin ümidi seçkilərədir. Amma seçkilərə az vaxt qalmasına baxmayaraq, Gürcüstanda ictimai-siyasi vəziyyət stabildir.

Qənaətimə görə, Gürcüstan hökuməti Rusiya ilə danışıqlara gedib Abxaziya və Cənubi Osetiyanı geri almağı planlaşdırır. Artıq Rusiya Abxaziyaya sosial ödənişləri rəsmən dayandırıb. Bu, seçkiqabağı dönəmdə Gürcüstan xalqına indiki hakimiyyəti dəstəkləmək üçün edilən jestdir. “Gürcü Arzusu”nun qalib gələcəyinə şübhəm yoxdur.

Rusiya da mövcud hökumətə ciddi dəstək verir. Başqa sözlə, Cənubi Qafqazdakı Qərb-Rusiya toqquşması Gürcüstanı da seçim qarşısında qoyub və onun seçimi ikincidən yanadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər