Yeni səfərbərlik dalğası elan olunsa belə, Rusiya hərbi əməliyyatları uzun müddət davam etdirə bilməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan zabiti, hərbi ekspert Yevgeni Dikiy deyib.
“Yalan söyləməyəcəm ki, 2-3 həftəmiz və ya 2-3 ayımız qalıb. Bəlkə də 2-3 il. Daha çox olduğuna şübhə edirəm. Artıq 2.5 ildir mübarizə aparırıq. Bu payız hadisələrinin dönüş nöqtəsi olma şansı var. Bizim o xətti keçmək şansımız mövcuddur, ondan sonra daha 1-1.5 il, yaxud 2 il mübarizə aparmalı ola bilərik. Bununla belə, mübarizə aparanın da, savaşı bitirənin də biz olduğumuzu görəcəyik”, - analitik vurğulayıb.
Dikiyə görə, Rusiyanın əsas problemlərindən biri müxtəlif növ silahlarının olmamasıdır. Onun sözlərinə görə, Rusiyada bir illik aktiv döyüş üçün tanklar və zirehli texnikalar, daha qısa müddətə isə lüləli artilleriya var.
“Hələ də cəbhədə kifayət qədər qüvvələri var, amma arxadakı son birləşmələri dırmıqlamağa başlayıblar. Bəli, hamını cəbhəyə aparırlar. Ancaq çatdıra bilmirlər, anbarları boşdur. Dibsiz görünən anbarların dibi artıq görünür. Bunu yadda saxlamaq bizim üçün vacibdir. Əlbəttə, bu bir proqnozdur. Amma ordumuza tam əminəm”, - Dikiy söyləyib.