Braziliya sentyabrın 27-də ABŞ-ın Nyu-York şəhərində keçiriləcək görüşdə Qlobal Cənub ölkələrinin nümayəndələrindən Braziliya-Çin planı üzrə sülhə nail olmaq üçün Ukraynanın Rusiya ilə danışıqlara dəstək verməsini istəyəcək.
Teleqraf.com xəbər verir ki, Braziliya Prezidenti Lula da Silva BMT Baş Assambleyasının açılış sessiyasında Braziliya-Çin sülh planını təqdim edib.
“Braziliyanın xarici siyasət müşaviri Celsu Amorim ayın 27-də Nyu-Yorkda keçiriləcək toplantıda Qlobal Cənubun 20 ölkəsinin nümayəndələrindən plana dəstək istəyəcək”, - braziliyalı diplomatlar “Röyter”ə deyiblər.
Tədbirdə Birləşmiş Ərəb Əmirlikləri, Meksika, Cənubi Afrika, Səudiyyə Ərəbistanı, İndoneziya, Misir və Kolumbiyanın nümayəndələri də iştirak edəcəklər.
Mayda Amorim Çinə səfər etdikdən sonra açıqlanan Çin-Braziliya sülh planı belədir: ölkələr Kiyev və Moskva arasında birbaşa dialoqun bərpasına, gərginliyin azaldılmasına çağırır, amma Rusiyanın Ukrayna ərazilərindən geri çəkilməsini tələb etmir.
Ukrayna Braziliya və Çinin sülh planını rədd edib. Kiyev buna Ukrayna ərazilərinin işğalının rəsmiləşdirilməsi cəhdi kimi baxır. Prezident Vladimir Zelenski bildirib ki, vəziyyəti sabitləşdirmək üçün yeganə səmərəli format Ukraynanın təşəbbüsü ilə keçirilən sülh sammitidir.
İkinci sülh sammiti bu ilin sonuna qədər keçirilə bilər. Ukrayna lideri söyləyib ki, bu tədbir Rusiya ilə müharibəyə son qoymalıdır.