İtaliyada güclü leysan yağışlarının səbəb olduğu sel və daşqınların vurduğu ziyan artmaqdadır.
Teleqraf.com xəbər verir ki, ölkə üzrə bir çox çay məcrasından çıxıb, Emilia-Romanya, Toskana regionlarında və Siciliya adasında yüzlərlə ev su altında qalıb. Mülki müdafiə qüvvələri köməksiz vəziyyətdə qalan 300-dən çox insanı xilas edib.
Bolonya şəhərinin və ətraf bölgələrin böyük bir hissəsi su altında qalıb. İtkin düşən bir nəfərin meyiti tapılıb. Bəzi ərazilərə 150-200 millimetr yağıntı düşüb, torpaq sürüşmələri olub.
Turin şəhərindən keçən Po çayının bir çox yerdə daşqın səviyyəsinə çatdığı bildirilib. Bəzi bölgələrdə dəmir yolu nəqliyyatının hərəkəti dayandırılıb, körpülər və bəzi avtomobil yolları bağlanıb.
Cənub regionlarında isə güclü fırtına baş verib. Siciliya adasının Kataniya şəhərində insanlar təxliyə olunub, evlər boşaldılıb. Palermo şəhərinin hava limanının uçuş-enmə zolağı və perronun bir hissəsini su altında qalıb, reyslər dayandırılıb. Aviareyslərin başqa hava limanlarına yönəldildiyi bildirilib.
Ölkə üzrə 5 regionda “narıncı”, 13 bölgədə isə “sarı xəbərdarlıq” elan edilib. Əlverişsiz hava şəraitinin hökm sürdüyü bölgələrin sakinlərinə avtomobillərdən istifadə etməmək, birinci mərtəbələrdəki evləri boşaltmaq barədə xəbərdarlıq olunub.
Xatırladaq ki, sel və daşqınlar ötən gün bir nəfərin həyatına son qoyub.