"Azərbaycanın COP29-a ev sahibliyi etməsinə sayılı günlər qalıb. Bu böyük tədbir üçün bütün tibb müəssisələrinə baxış keçirilib və hazır vəziyyətə gətirilib. Tibbi və qeyri-tibbi personal üçün təlimlər keçirilib".
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni klinikada COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb.
"COP29 tədbirinin keçirildiyi müddət ərzində fövqəladə hallar baş verərsə, Sabunçu Tibb Mərkəzinə təhkim edilən Məhəmmədi modul tipli xəstəxanada reanimasiya və stasionar tipli olmaqla fövqəladə hallar üçün 370 çarpayı təmin edilib"- deyə Vüqar Qurbanov vurğulayıb.