Gürcüstanda növbəti illərdə məktəbəqədər və ümumtəhsil müəssisələrində tətbiq olunacaq yeniliklər açıqlanıb.
Teleqraf.com xəbər verir ki, yenilikləri Gürcüstanın təhsil və elm naziri vəzifəsinə namizəd Aleksandre Tsuladze parlamentdə keçirilən dinləmələrdə təqdim edib.
Onun sözlərinə görə, qeyri-gürcüdilli uşaq bağçalarında dövlət dilinin tədrisi gücləndiriləcək.
“Gələn ildən Gürcüstan üzrə məktəbəqədər təhsil müəssisələrinin avtorizasiyasına başlanılacaq və proses 2029-cu ildə başa çatdırılacaq. Bu prosesə paralel olaraq, milli azlıqlar üçün erkən və məktəbəqədər yaşlardan ikidilli təhsilin tətbiqini davam etdirməyimiz vacibdir. Bağçaların əhatə dairəsi daha da genişləndiriləcək və zamanla qeyri-gürcüdilli bütün uşaq bağçalarında dövlət dilinin tədrisinin gücləndirilməsi mümkün olacaq”, - A.Tsuladze deyib.
Nazir vəzifəsinə namizəd həmçinin bildirib ki, yeni standartlara əsasən, 2025-2028-ci illərdə həm gürcüdilli, həm də qeyri-gürcüdilli məktəblər üçün dərs vəsaitləri yenilənəcək.