Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azərbaycanla Ermənistan arasında delimitasiya edilmiş sərhəddə Avropa İttifaqının müşahidə missiyasının monitorinq aparmayacağı açıqlanıb. Müşahidə missiyasının iki illik müddətdə fəaliyyəti bölgə üçün hansı müsbət amillərlə yadda qalıb?
- Sözsüz ki, Avropa İttifaqının iki ölkə arasındakı şərti sərhəddə müşahidə aparması davamlı sülhün və etimad quruculuğunun formalaşması baxımından faydalı olmayıb. Son iki ildə baş verən proseslər də bunu təsdiq edir. Müşahidə missiyasının fəaliyyəti daha çox birtərəfli xarakter daşıyıb. Müəyyən dövrlərdə həmin müşahidəçilər Ermənistan tərəfindən törədilən hərbi təxribatları belə görməyib. Ona görə də, müşahidə missiyasının fəaliyyətinin regionda qalıcı sülhə xidmət etdiyini düşünmək olmaz.
- Sülh danışıqlarında irəliləyişin olmasından danışılır. İrəliləyişlər nədən ibarətdir?
- Nikol Paşinyan bununla bağlı açıqlama verib. İrəliləyişlərin nədən ibarət olması ilə bağlı ehtimallar irəli sürülə bilər. Əslində burada gizlin heç nə yoxdur. Hər iki tərəfdən verilən rəsmi açıqlamalarda da deyilir ki, sülh sazişinin təxminən 80 faizdən çox hissəsi razılaşdırılıb. Razılaşdırılmayan hissə Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı Azərbaycanın haqlı tələbinin hələ də nəzərə alınmaması ilə bağlıdır.
- Rəsmi İrəvan Bakının bu tələbini icra etməkdə nə dərəcədə maraqlı görünür?
- Sülh prosesi ilə bağlı nikbin açıqlamlar verilsə də, Paşinyan Ermənistan konstitusiyasındakı dəyişikliklərə indiki mərhələdə ehtiyac olmadığını bildirir. Bu o deməkdir ki, baş nazirin optimist fikirlərinin yaxın perspektiv üçün ciddi əsası yoxdur. Yaxın perspektivdə tərəflər sülhə gəlmək istəyirsə, Ermənistan Azərbaycanın haqlı, legitim tələblərini nəzərə almalıdır. Bununla da Ermənistan konstitusiyasında və digər qanunverici aktlarından Azərbaycan ərazilərinə iddia edən əsassız müddəalar aradan qaldırılmalıdır.
- Tərəflərin sülh üçün hansısa güzəştlərə getməsindən danışılır. Güzəştlərin hansı məsələlərlə bağlı olması mümkündür?
- İstənilən mübahisəni sonlandırarkən tərəflər danışıqlar aparır. Burada qarşılıqlı güzəştlər vacibdir. Amma güzəştlərin nədən ibarət olması aydınlaşmalıdır. II Qarabağ müharibəsindən sonra aparılan danışıqların əsas müəllifi Azərbaycandır. 30 il əraziləri işğala məruz qalan, torpaqları talan edilən, böyük maddi-mənəvi zərbələr almasına baxmayaraq Azərbaycan yenə də Ermənistana sülh təklif edən tərəf olub. Bu əslində ölkə olaraq Ermənistana edilən ən böyük güzəşt hesab edilir.
- Bakının əsas şərti nədən ibarətdir?
- İndiki danışıqlar prosesində Azərbaycanın prisipial mövqeyi ondan ibarətdir ki, iki ölkə ilk növbədə qarşılıqlı olaraq ərazi bütövlüyünü tanımalıdır. Eyni zamanda sərhədlərin toxunulmazlıq prinsipi qəbul edilməlidir.
- Sülh sazişi imzalanacaqsa, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq beynəlxalq müstəvidə qaldırılmış iddialardan imtina edə bilərmi?
- Görünən odur ki, Paşinyan prosesləri qabaqlamağa cəhd edir. Ermənistan dövləti işğal dövründə Azərbaycana vurduğu bütün zərərin hüquqi məsuliyyətini daşımalıdır. Sözsüz ki, Azərbaycan tərəfi nəhayət bölgədə sülhün əldə olunmasında maraqlıdır. Amma bu ədalətli sülh olmalıdır. Təcavüzkarla vaxtilə işğala məruz qalmış ölkə arasında bərabərlik işarəsi qoymaq doğru deyil. Bu mənada erməni tərəfinin beynəlxalq iddialardan imtina ilə bağlı yanaşması doğru deyil. Azərbaycanın tam haqqı var ki, beynəlxalq hüquq müstəvisində özünün haqlı iddialarını sona qədər davam etdirsin. Ermənistan nəhayət insanlıq əleyhinə cinayətlər törətmiş, beynəlxalq hüququ ən ağır şəkildə pozmuş dövlət kimi hüquq müstəvisində cavab verməlidir.
- Bu ilin sonuna kimi sülh müqaviləsinin imzalanmasından bəhs edilir. Qarşıdakı bir ayda hansısa ciddi bir sənədin imzalanması nə dərəcədə realdır?
- İlin sonuna bir ay qalmış hansısa bir sənədin imzalanması mümkün deyil. Bunun üçün Ermənistan konstruktiv addımlar atmalıdır. Rəsmi İrəvan Bakının haqlı, legitim tələblərini qəbul etməlidir. Bu halda qarşıdakı bir ayda sülh sənədinin imzalanmasının mümkünlüyü istisna edilmir. Paşinyanın ziddiyyətli yanaşmaları fonunda iki ölkə arasında yaxın bir ayda sülh sazişinin imzalanacağı gözlənilmir.