İŞİD terror qruplaşmasının silahlıları daha bir ərəb ölkəsində nəzarəti getdikcə genişləndirməkdədirlər. Terrorçular bu dəfə Liviyada Mabruk və Əl Bahi neft yataqlarını ələ keçiriblər.
Teleqraf.com-un “RİA Novosti”yə istinadən məlumatına görə, neft yataqlarını ələ keçirmək üçün hücuma keçən silahlılar Əs Sidr limanına çəkilən boru xəttini sıradan çıxarıblar. Bundan əvvəl yataqlar uğrunda döyüşlərin davam etdiyi bildirilirdi.
“Röyters”in Liviyanın neft obyektlərinin mühafizə xidmətinin mətbuat xidmətinin rəhbəri Əli Hasiyə istinadən verdiyi xəbərə görə, silahlıların hücumunu dəf edə bilməyən təhlükəsizlik xidmətinin əməkdaşları geri çəkilməyə məcbur olublar.
Lakin agentlik öz mənbələrinə istinadən qeyd edir ki, hücum zamanı Əl Bahi neft yatağını heç kim mühafizə etməyib.