Hazırda Ukraynada separatçılarla ordu arasında anlaşma olsa da, yaxın zamanlarda silahlar yenidən işə düşə bilər. Teleqraf.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, “Azov” könüllü batalyonunun “Facebook”dakı səhifəsində yazılır ki, separatçıların geri çəkilməsi daha çox fırtınaqabağı sakitliyə oxşayır.
"Bir neçə gündən sonra separatçılar daha güclü hücuma keçəcəklər. Onlar ciddi-cəhdlə hazırlaşırlar. Biz hazırda təmas xəttini gücləndirməliyik. Amma onlar atəşkəsi pozsalar, biz daha ciddi cavab verməliyik" - deyə, məlumatda qeyd olunur.
Xatırladaq ki, “Normandiya dördlüyü”nün (Ukrayna, Rusiya, Almaniya və Fransa) liderlərinin Minskdə 12 fevral tarixində keçirdiyi görüşün nəticəsi olaraq fevralın 15-dən atəşkəs rejimi tətbiq olunub. Donbasda döyüş əməliyyatlarının intensivliyi azalsa da, Ukrayna tərəfi iddia edir ki, ötən müddət ərzində Rusiya ərazisindən bir neçə dəfə hərbi texnika kolonu Ukraynaya keçib. Ukrayna anti-terror mərkəzi rəqib tərəfindən atəşkəsin mütəmadi olaraq pozulduğunu bildirir.
Ukrayna prezidenti Petro Poroşenko bildirib ki, rusiyapərəst separatçılar Minskdə fevral razılaşmasına uyğun olaraq, ağır silahların xeyli hissəsini geri çəkib. Onun sözlərinə görə, ağır silahların, növü və uzaqvurma qabiliyyətindən asılı olaraq, 50-dən 140 kilometrədək çəkilməsi martın əvvəlində başa çatmalıdır: “Ayrı-ayrı yerlərdə toqquşmalar baş verdiyinə baxmayaraq, atəşkəs haqqında razılaşmaya ümumiyyətlə əməl edilir”
Ayxan