2004-2014-cü illərdə Hindistanın Baş naziri postunu tutan Manmoxan Sinqx kömür yataqlarının qeyri-qanuni paylanılması ilə bağlı cinayət işində müttəhim qismində məhkəməyə çağırılıb.
"Azərtac" Press Trust of India informasiya agentliyinə istinadla xəbər verir ki, məhkəmənin ilk iclası aprelin 8-nə planlaşdırılır. Məhkəməyə Manmoxan Sinqxdən başqa, Energetika Nazirliyinin kömür sənayesi departamentinin keçmiş rəhbəri P.K.Parakx, həmçinin Hindistanın iri korporasiyalarından biri olan Aditya Birla Group şirkətinin başçısı Kumar Manqalam Birla da müttəhim qismində çağırılıblar.
Qeyd edək ki, ötən il dövlət auditoru 2004-2009-cu illərdə 155 yatağın hərraca çıxarılmadan paylanması nəticəsində ölkə büdcəsinə dəyən zərəri 210 milyard dollar həcmində qiymətləndirdikdən sonra “kömür qalmaqalı” aktiv mərhələyə keçib.