Rusiyanın Baş naziri Dmitri Medvedev deyib ki, ölkə iqtisadiyyatı bu ilin ilk rübündə 2 faiz azalıb.
Rusiya iqtisadiyyatında eniş 2009-cu ildən ilk dəfədir ki, müşahidə edilir.
Cənab Medvedev geriləməni sanksiayaların təsiri və neftin ucuzlaşması ilə əlaqələndirib. Parlament üzvləri qarşısında çıxış edən Baş nazir eyni zamanda qeyd edib ki, indiki iqtisadi vəziyyət 2009-cu ildə olduğu qədər də ağır deyil və "tədricən vəziyyət sabitləşir".
Onun təbirincə, Rusiya "yeni reallıqla qarşılaşıb".Baş nazirin sözlərinə görə, ölkəyə ən ağır təzyiq "ötən ilin əsas siyasi hadisəsi - Krımın Rusiyaya qaytarılması ilə bağlı" göstərilib.Rusiya Krımı 2014-cü ilin martında ilhaq edəndən sonra Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etmişdi. Ukraynanın şərqində hərbi münaqişəyə görə separatçı qüvvələri dəstəkləyən Moskvaya qarşı sanksiayalar daha da gücləndirilmişdi.
Cənab Medvedev Krımın Rusiyaya birləşməsinin əhəmiyyətini "Almaniyanın birləşməsi və ya Honq Konq və Makaonun Çinə qaytarılması ilə" müqayisə edib. Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların tətbiqi nəticəsində ölkədə ciddi iqtisadi problemlər yaranıb.
Baş nazirin təxminlərinə görə, sanksiyalar nəticəsində, ölkənin məhsul ixracından əldə etdiyi gəlir $26,7 milyard və ÜDM-in 1,5 faizi qədər azalıb. "Bu rəqəm cari il ərzində bir neçə dəfə arta da bilər", Dmitri Medvedev deyib.
Eyni zamanda Baş nazir bildirib ki, hətta iqtisadi şərait pisləşməkdə davam etsə də belə, Rusiya iqtisadi çətinliklərə tab gətirməyə qadirdir. "Son dövrün təcrübəsi sübut edir ki, biz artıq çətinliklərin öhdəsindən gəlməyin yolunu bilirik", Dmitri Medvedev vurğulayıb.