Almaniyada 65 yaşlı çoxuşaqlı ana dünyaya birdən birə daha dörd övlad - üç oğlan və bir qız gətirib.
Annegrette Rauning süni mayalandırma ilə hamilə olmuşdu.
Uşaqlar mayın 19-da, Berlin xəstəxanasında qeysər kəsiyi əməliyyatı ilə doğulublar və hazırda xüsusi şəraiti olan inkubatorda saxlanırlar. Rauningin 13 uşağı var. Onlardan ən böyüyü 40 yaşındadır.
Beləliklə, Rauning bu yaşda dörd uşaq doğan ilk ana olub. Maraqlıdır ki, Annegrette Rauning hamiləlik proseduru üçün Ukraynaya səfər etmişdi.
65 nədir ki?..
Rauning deyir ki, 65 yaşında hamiləlik qərarına kiçik qızının xahişindən sonra gəlib. Qız özü üçün qardaş-bacı istəyirmiş. Uşaqların erkən doğulmasına baxmayaraq həkimlər onların sağ qalacağına inanırlar.
Rauning isə deyir ki, özünü yaxşı hiss edir və başqalarının onun haqqında nə düşündüyü və dediyi ilə maraqlanmır.
Bununla belə Almaniya sakini dünyaya övlad gətirmiş ən yaşlı qadın deyil. Bu sahədə rekord 2006-ci ildə 66 yaşında İspaniyada doğmuş Maria del Carmen Bussada Laraya aiddir. Təsdiq olunmamış başqa bir məlumata görə isə 2008-ci ildə ekiz doğmuş hindistanlı Omkara Panvarın o vaxt 70 yaşı olub.