“The Business Year” jurnalında mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin müsahibəsi dərc olunub. Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com –a verilən məlumata görə, Bakıda keçirilən I Avropa Oyunlarının turizmə təsiri, beynəlxalq əməkdaşlıq, Azərbaycanda inkişaf etmiş turizm infrastrukturu, turizm sektorunun geniş imkanlarından söhbət açılan müsahibədə müxtəlif fikirlər dərc olunub.
Nazir Əbülfəs Qarayev ilk olaraq I Avropa Oyunlarının Azərbaycanda turizm axınına yüksək təsir göstərəcəyini bildirmiş, oyunların ölkəmizdə bütün sahələr üzrə inkişafının əhəmiyyətindən danışıb.
Nazir yeni açılan Four Seasons, JW Marriott Absheron, Jumeriah Bilgah Beach, Fairmont, Hilton Baku, Kempinski Hotel Badamdar kimi brend otellərin yaradılmasının turizm sənayesinə beynəlxalq təcrübə, menecment sistemi və yüksək standartların gətirdiyini xüsusi olaraq qeyd edib.
Beynəlxalq əməkdaşlıq sahəsində dünyada bir sıra nazirliklərlə, eləcə də BMÜTT, İƏT və s. kimi beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasının informasiya mübadiləsinin və beynəlxalq təcrübənin tətbiq edilməsində vacibliyi də vurğulanıb.
Müsahibədə Şahdağ Turizm Mərkəzinin və Tufandağ Qış-Yay Turizm Kompleksinin Azərbaycanda qış turizm infrastrukturunun inkişafında olan mühüm rolu qeyd olunub. Nazir bildirib ki, CNN, EURONEWS və dünyanın digər aparıcı telekanalları vasitəsilə bütün dünyada Azərbaycanın qış və yay turizm potensialının fəal təbliğatı aparılır. Həmçinin ölkəmizdə işgüzar turizm, mədəni turizm, sağlamlıq turizm növlərinin geniş imkanlarının olduğu da vurğulanır.
Pərvin