“Türkiyə təyyarələri ölkənin təhlükəsizliyini təmin etmək üçün Suriyada İslam Dövləti qruplaşması və İraqın şimalındakı kürd silahlılarının mövqelərinə qarşı hava hücumları həyata keçirib”.
Bu haqda Türkiyənin baş naziri Əhməd Davudoğlu çıxışında bildirib.
Bəyanatla çıxış edən Əhməd Davudoğlu ölkə boyu İŞİD qruplaşması və PKK-ya üzv olmaqda şübhəli bilinən 590 adamın saxlanıldığını deyib.
Hücumlar Suruç şəhərində 32 adamın ölümü ilə nəticələnən bomba həmləsi və sərhəd bölgəsində silahlılarla atışmadan sonra yer alır.
2013-cü ildə elan olunmuş atəşkəsdən sonra bu PKK hədəflərinə ilk həmlədir.
PKK qrupu çərşənbə günü iki türk polisinin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Qrup iddia edir ki, polislərdən biri kürdpərəst fəallarının nümayişinə basqın təşkil edən İslam Dövləti qruplaşması ilə əməkdaşlıq edib.
Rəsmi məlumata əsasən, Türkiyə hava qüvvələri, İraqın şimalındakı PKK mövqelərinə və o cümlədən təşkilatın baş qərargahı yerləşən Qəndil dağlarındakı hədəflərə zərbə endirib.
Hərçənd ki, açıqlamada Suriyadakı həfədlər barədə məlumat verilmir.
Hava zərbələri ilə yanaşı Türkiyə ordusu həmsərhəd bölgədə yerləşən İslam Dövləti qruplaşması və PKK mövqelərini artilleriya atəşinə tutub.
Bəyanatda deyilir ki, Türkiyə "əhalinin dinc və təhlükəsiz həyatının təmin edilməsinə yönələn addımları atmaqda qərarlıdır”.
Cümə günü İslam Dövləti qruplaşması və PKK-ya üzv olmaqda şübhəli bilinən yüzlərlə adam həbs edilib. Şənbə günü polis reydləri davam etdirilib.