Türkiyənin cənub-şərqindəki Diyarbəkir əyalətində polis maşınına silahlı hücum nəticəsində iki türk polisi həlak olub, bir neçə nəfərinsə yaralandığı bildirilir.
Polis, hücumun Kürdüstan Fəhlə Partiyası (PKK) tərəfindən həyata keçirildiyini güman edir.
Xalqların Demokratik Partiyasından (HDP) millət vəkili olan Faysal Sarıyıldız son vəziyyətlə bağlı BBC Türkcəyə danışaraq bildirib ki, bölgədə fövqəladə vəziyyət hökm sürür və heç kimin bölgəyə girişinə icazə verilmir.
Doğan Xəbər Agentliyinin yaydığı məlumata görə, küçələrdə barrikadalar quran PKK tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında baş vermiş qarşıdurma nəticəsində iki nəfər ölüb və yaralılar var.
Türkiyə polisi və hərbçilərinə hücumlar iyul ayında, Türkiyə hökumətinin ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriya və İraqdakı İslam Dövləti (İD) qruplaşmasına qarşı hərbi fəaliyyətini dəstəklədiyini elan etməsindən sonra başlayıb.
Türkiyə və bir sıra Qərb ölkələrinin terrorçu təşkilat hesab etdiyi PKK nümayəndəsi bildirib ki, Türkiyə hərbi hava qüvvələri cihadçılara qarşı vuruşan kürd döyüşçülərinə də zərbələr endirir.
Partiyanın lideri Cemil Bayık BBC-yə müsahibəsində Türkiyə prezidenti Recep Tayip Erdoğanı İD-ni müdafiə etməkdə təqsirləndirib.