ABŞ Konqresinin Nümayəndələr Palatası İranın nüvə proqramına dair anlaşmanın bəyənilməsi haqda qətnamənin əleyhinə səs verib. Musavat.com-in xarici KİV-ə istinadən verdiyi xəbərə görə, sənədin əleyhinə 269 konqresmen səs verib, yalnız 162 qanunverici isə onu dəstəkləyib.
Bundan dərhal sonra prezidentin İrana qarşı sanksiya rejimini yumşaltmaq səlahiyyətlərini 2017-ci il yanvarın 21-dək məhdudlaşdıran qanun layihəsi səsverməyə çıxarılıb. Bu mətn isə 247 səslə qəbul edilib, 186 konqresmen əleyhinə olub.
Lakin qəbul edilən qərarlar daha çox simvolik xarakter daşıyır, çünki bundan öncə Konqresin yuxarı palatası - Senatdakı demokratlar İranla anlaşmanın bəyənilməməsi haqda qətnamənin təsdiqlənməsini əngəlləmişdilər.
Uğursuzluğa baxmayaraq, respublikaçılar növbəti həftə məsələyə yenidən qayıtmaq niyyətindədirlər. Bu mövzu üzrə debatların Kapitoli təpəsində sentyabrın 17-dək gedəcəyi gözlənilir.