17 Dekabr 2015 19:22
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobilini düzgün park etməyən Polşa prezidenti cərimələndi.

Polşa prezidenti Anjey Duda gözlənilməz halla qarşılaşıb. Polis qadağan olunmuş yerdə park etdiyi üçün prezidentin avtomobilinin təkərini bloklayıb.

ANS PRESS-in Rusiyanın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Anjey Duda qırmızı rəngli avtomobilini Krakovda yerləşən iqamətgahının qarşısında - qadağan olunmuş yerdə saxlayıb. Hadisə yerinə gələn polislər isə qaydanı pozan avtomobilin təkərini blok ediblər.

Bu maraqlı xəbər tez bir vaxtda bütün şəhərə yayılıb və sakinlər prezidentin bloklanmış avtomobilinin yanında foto çəkdirməyə başlayıblar. Yalnız Polşa prezidentinin 100 zlot (təxminən 25 dollar, 26 AZN ) məbləğində cəriməni ödəməsindən sonra polis avtomobilin təkərindən bloku götürüb.

Oxşar hadisə ilə 2011-ci ildə ABŞ prezidenti Barak Obama da qarşılaşmışdı. Obamanı isə öz ölkəsində deyil, İngiltərədə 120 avro (137 AZN) cərimə etmişdilər. Belə ki, Londona daxil olarkən şəhər meri ABŞ rəhbərindən hər bir maşın üçün 10 funt-sterlinq (16 AZN) ödəməyi istəyib.

Lakin ABŞ səfirliyi diplomatik münasibətlər haqqında Vyana konvensiyasına istinad edərək bunu etməyib. Həmin konvensiyada isə diplomatik missiyadan vergi alınması qadağan edilir. Öz növbəsində Londonun hakimiyyət orqanları bildiriblər ki, şəhərə daxil olmaq üçün yığılan pul vergi deyil. Ona görə də 120 avro məbləğində cərimə Obamanı müşayiət edən kortecdəki maşınlardan birinə tətbiq edilib.

Finlandiyanın Xarici İşlər Naziri Erkki Tuomioya isə bu ilin əvvəlində texniki baxışdan keçməmiş avtomobili sürdüyü və sürət həddini aşdığı üçün doqquz günlük əmək haqqı məbləğində cərimələnib.

Nazir qayda pozuntusunu 2014-cü ilin sentyabr ayının əvvəlində Helsinkinin mərkəzində edib. O, saatda 49 km sürətlə hərəkət edib, həmin yolda sürət həddi isə 40 km olub. Tuomioya cərimənin yazılmasına etiraz etməyib.


Müəllif:

Oxşar xəbərlər