11 Fevral 2016 22:17
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddətdir Qərblə İran arasında nüvə proqramı səbəbindən yaşanan gərgin münasibətlər artıq demək olar ki, arxada qalıb. ABŞ başda olmaqla Qərb dövlətləri tərəfindən İrana qarşı tətbiq edilən siyasi və iqtisadi sanksiyalar götürülüb və İran Qərb ölkələri ilə yaxın siyasi və iqtisadi əlaqələr qurmaqdadır.

Əlbəttə, Qərblə daim “soyuq savaş” vəziyyətində olan Rusiyanın Qərbə qarşı müttəfiqi hesab olunan İranın Qərblə bu cür yaxınlaşması heç bir halda Rusiya tərəfindən alqışlana bilməz.

Həm Rusiyanın, həm də İranın regionda böyük güclər olmasını və sabitliyin təmin edilməsində mühüm rol oynamasını nəzərə alsaq, İranın Qərblə yaxınlaşması fonunda Rusiya ilə münasibətlərinin gərginləşə biləcəyi region üçün o qədər də yaxşı hal deyil.

Təbii ki, həm Rusiya, həm də İranla qonşu olduğumuz və hər iki ölkə ilə yaxın siyasi və iqtisadi əlaqələrimiz olduğu üçün bu iki ölkə arasında yaşana biləcək gərginliklərin hansı formada Azərbaycana təsir edə biləcəyi ehtimalı hər birimizi düşündürən məsələdir.

Məsələyə münasibət bildirən Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev hesab edir ki, İranın Qərblə yaxınlaşması fonunda Rusiya ilə münasibətlərin soyuması region üçün o qədər də ciddi təhlükə yaratmır.

Onun fikrincə, İranın Qərblə yaxınlaşması Rusiya ilə münasibətlərində soyuqluq yaratsa da, bu münasibətlərin sona qədər soyumasını düşünmək doğru deyil.

Politoloq bildirib ki, İranın Qərblə münasibətlərinin yaxşılaşması ölkəyə mühüm iqtisadi üstünlüklər verir: “Bu gün Rusiya iqtisadi cəhətdən tənəzzülə uğrayan bir dövlətdir. Yəni bu gün Qərb İran üçün daha mütləq addımlar ata bilər, nəinki Rusiya. İran bu gün Rusiya ilə müxtəlif müqavilələrdən imtina edir. İran bu gün Rusiya ilə münasibətlərini Qərbə qurban verməyə hazırdır. İran artıq xarici siyasətdə də başqa cür addımlar atmağa başlayır. Eyni zamanda öz karbohidrogen məhsullarını satmaq üçün İran Rusiyadan daha çox Qərbə meyillənir. Embarqolardan çıxmış İrana öz maraqları daha üstündür, nəinki Rusiya ilə münasibətlər".

Onun sözlərinə görə, eyni zamanda İran öz təhlükəsiziliyini təmin etmək və ölkəyə olan təhdidlərin qarşısını almaq üçün Qərblə daha müsbət əlaqələr qurmaq istəyir: "Lakin bütün bunlar o demək deyil ki, İranla Rusiya arasında münasibətlər sona qədər soya bilər. Tarixən İranla Rusiya strateji tərəfdaş olublar, bir-birinin sözünü deyə biləcək qədər yaxınlıqları olub, lakin bu gün iqtisadi məsələlər ortaya çıxdığına görə İranla Rusiya arasında müəyyən çətinliklər var. Bu gün İran Qərblə münasibəti Rusiyadan daha üstün tutur. Lakin yaranmış bu vəziyyətin region üçün təhlükə yaratdığını hesab etmirəm”.

A.Nağıyev əlavə edib ki, İrana qarşı sanksiyalar götürüldükdən sonra İslam Respublikasının əldə etdiyi ilk müsbət nəticə Qərb dövlətləri tərəfindən dondurulmuş 50 milyard dollardan artıq aktivlərinin bərpa olunmasıdır: “Bu sanksiyaların götürülməsindən sonra ayrı-ayrı Qərb dövlətləri ilə İran arasında tikinti işləri, avtomobil istehsalı, neft-qaz və digər sahələr üzrə dondurulmuş müqavilələr bərpa olunur. Yəni İranın Qərblə münasibətlərin yaxşılaşmasından qazandığı üstünlüklər çoxdur. Burada İran Prezidenti Həsən Ruhaninin Fransaya, İtaliyaya səfirini, eyni zamanda Roma Papası ilə görüşünü də qeyd etmək olar”.

Yaranmış vəziyyətin Azərbaycana hansı dərəcədə təsir göstərə biləcəyinə gəlincə, A.Nağıyev bildirib ki, Azərbaycan həmişə balanslı, milli maraqlarına əsaslanan siyasət yürüdüb: “Azərbaycan indiyə qədər balanslı siyasət aparıb. Azərbaycan həm qonşuluq siyasəti, həm strateji əməkdaşlıq siyasəti aparır və hər iki ölkə ilə tarixi münasibətləri var. Həm İranla, həm də Rusiya ilə balanslı siyasət yeridir, müxtəlif sahələrdə sıx əməkdaşlıq edir və bundan sonra da belə olacaq. Bu baxımdan Rusiya ilə İran arasındakı münasibətlərdən Azərbaycan üçün hər hansı bir təhlükə yaranacağını düşünmürəm”.


Müəllif:

Oxşar xəbərlər