"Türkiyənin İŞİD və Əsəd mövzusunda ABŞ ilə mövqeyi eynidir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Suriyada prezident Bəşər Əsədin hakimiyyətdən getməsi əsas şərtdir: "Əsədin getməsi mövzusunda ABŞ-la fikirlərimiz eynidir. Əsədin getməsi şərtdir, siyasi dəyişiklik lazımdır".
Çavuşoğlu bildirib ki, ABŞ və Rusiyanın İŞİD ilə mübarizə mövzusunda əlaqələri yoxdur: "Əlaqələri olsaydı, Rusiyanın hücumlarının 88 faizi ABŞ-ın dəstəklədiyi müxaliflərə qarşı olmazdı. Rusiyanın və ABŞ-ın bu mövzuda fikirləri fərqlidir. ABŞ planlaşdırılan 18 aylıq keçid dövründən sonra Əsədin istefasının vacibliyini bildirir, Rusiya və İran isə Əsədin qalmasının tərəfdarıdır. ABŞ bu günə qədər Rusiyaya inanmaqda səhv etdiyini anlamağa başlayıb. Mən iddia edirəm ki, bu gün PYD və YPG mövzusunda səhv fikirlər yürüdən Vaşinqton vaxtı gəldikdə doğrunu görəcək".
Türkiyə XİN rəhbəri ölkəsinin Cenevrə və Vyanada Suriya mövzusu ilə bağlı keçirilən konfranslara dəstək verdiyini deyib: "Humanitar yardımın çatdırılması və blokadanın aradan qaldırılması vacibdir. Amma bunun üçün Rusiya hava hücumlarını dayandırmalıdır. Türkiyə suriyalıların təhlükəsizliyi üçün uçuşun qadağan olunduğu bölgənin yaradılmasını təklif etmişdi. İndi uçuşun qadağan olunduğu bölgə yoxdur, Rusiya haranı istəsə, bombalayır. Rusiya bombalayır, insanlar bizim ölkəyə axın edir, biz də onları qəbul edirik".
Samir